“Böyük Dəbilqə” turnirində 82 ölkədən 519 cüdoçu mükafatlar uğrunda mübarizə aparacaq
Mayın 6-8-də Heydər Əliyev adına İdman Sarayında cüdo üzrə “Böyük Dəbilqə” beynəlxalq turnirinə start veriləcək.

Ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş yarışda 82 ölkədən 519 idmançı (329 kişi, 190 qadın) qalib adı uğrunda mübarizə aparacaq.

Yarış üçün bütün hazırlıqlar tamamlanıb. Arena daxilində və tribunalarda bannerlər, karkaslar və konstruksiyalar qurulub. Yarış üçün “Green Hill” şirkətinin istehsal etdiyi müasir standartlara uyğun 5 santimetrlik tatami gətirilib. Əsas diqqətlər mayın 6-da saat 16:00-da başlanacaq açılış mərasiminin təşkilinə yönəlib. Bir saatadək davam edəcək tədbir rəsmi və bədii hissədən ibarət olacaq. Rəsmi hissədə Beynəlxalq Cüdo Federasiyasının (İJF) prezidenti Marius Vizer, Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev, Gənclər və İdman naziri Azad Rəhimovun çıxışları nəzərdə tutulub. Bədii hissədə isə Ukraynadan gələn cüdoçu geyimli rəqqasların ifasında kompozisiya, Xalq Artisti Mənsum İbrahimovun ifasında muğam və Natiq ritm qrupunun çıxışı olacaq. Artıq bədii hissə üçün xüsusi işıqlandırma effektləri olan səhnə də qurulub.

Hazırlıq işlərinin əsas özəlliyi ondadır ki, İdman Sarayı daxilində bir tərəfdə Bakının Qız Qalası, Şirvanşahlar Sarayı kimi tarixi abidələri, digərində isə son illər tikilmiş Alov Qüllələri, Heydər Əliyev Mərkəzi kimi yeni tikililər canlandırılıb. İdmançılar zala Qədim Bakı tərəfdən daxil olacaq və yüksək yerlər tutacaqları təqdirdə müasir Bakı hissəsində mükafatlandırılacaqlar.

“Böyük Dəbilqə”nin mükafat fondu 154 min ABŞ dolları olacaq. Məbləğ kişi və qadınlar arasında 14 çəki dərəcəsi üzrə bərabər şəkildə bölüşdürüləcək. Hər çəkiyə 11 min dollar düşəcək ki, bunun 5 min dolları qalibə, 3 min dolları finalçıya, daha 3 min dolları isə iki bürünc medalçıya hərəsinə 1500 dollar olmaqla çatacaq.

Azərbaycana hər çəkidə 4 cüdoçu ilə təmsil olunmaq imkanı verilib. Amma əsas hədəf kişilər arasında 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına 81 kiloqram çəki dərəcəsində çatışmayan lisenziyanı qazanmaqdan ibarətdir. “Böyük Dəbilqə”də ilk pillənin sahibinə 500 lisenziya xalı veriləcəyindən, bu turnirdə yüksək yerləri tutmaq əhəmiyyət kəsb edir.

Bu turnir Azərbaycan Cüdo Federasiyasının (ACF) yeni rəhbərliyinin təşkil edəcəyi ilk böyük yarış olacaq. Üstəlik, turnirin ümummilli lider Heydər Əliyevin 93-cü ildönümünə həsr olunması səbəbindən, təşkilati işlər ən yüksək səviyyədə aparılıb. “Böyük Dəbilqə” dünya çempionatı səviyyəsində təşkil olunub.

Qeyd edək ki, “Böyük Dəbilqə”yə mayın 8-də yekun vurulacaq.

Xəbər 1136 dəfə oxundu.