"Rio-2016"ya lisenziya qazanmış Azərbaycan kayakçı və kanoeçiləri xarici ölkələrdə təlim-məşq toplanışındadırlar
2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanan Azərbaycan kayak və kanoeçiləri hazırlıqlarını müxtəlif xarici ölkələrdə davam etdirirlər. Bunlar kanoe üzrə 4 qat dünya və 4 qat Avropa çempionu Valentin Demyanenko, kayak üzrə olimpiya çempionu İnna Osipenko-Radomskaya və kanoe-slalomçu Yure Meqliçdir.
Demyanenko Belarusun Brest şəhərindəki Avarçəkmə üzrə Olimpiya Ehtiyatları Mərkəzində şəxsi məşqçisinin rəhbərliyi altında xüsusi plan əsasında çalışır. Osipenko-Radomskaya isə Ukraynanın Kiyev vilayətindəki Obuxov avarçəkmə bazasında hazırlıq keçir. Hər iki idmançının ilk ciddi sınağı 20 - 22 mayda Almaniyanın Duysburq şəhərində keçiriləcək I Dünya Kubokunda olacaq.

Meqliç isə hazırda Sloveniyada təlim-məşq toplanışındadır. O, daha öncə Avstriya və İspaniyada da hazırlıq keçib. 32 yaşlı idmançını qarşıda Avropa çempionatı gözləyir. Mayın 12-də Slovakiyanın Liptovski şəhərində start götürəcək çempionat 4 gün davam edəcək.

Qeyd edək ki, "Rio-2016"da kanoe-slalom yarışları 7 - 11 avqustda keçiriləcək. Kayakçı və kanoeçilər isə 15 - 20 avqustda mübarizə aparacaqlar. Valentin Demyanenko 1 nəfərlik kanoe qayığı ilə 200 metr, İnna Osipenko-Radomskaya 1 nəfərlik kayak qayığı ilə 200 metr və 500 metr məsafələrə yürüş edəcək. Yure Meqliç isə 1 nəfərlik kanoe-slalom qayığı ilə çıxış edəcək.

Xəbər 1785 dəfə oxundu.