Sabah Bakıda U-17 Avropa çempionatına start veriləcək | |
Mayın 5-də 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsinə start veriləcək. 17 gün ərzində qitənin diqqəti Azərbaycanda keçiriləcək yarışa yönələcək. On altı ən güclü yığmanın mübarizə aparacağı yarış gələcəyin ulduzlarını üzə çıxaracağından seleksiya baxımından da böyük əhəmiyyət kəsb edir. Bu üzdən qitənin bir sıra aparıcı klublarının skautları da Bakıya səfər ediblər. İspaniya, Fransa, Almaniya, İtaliya, Portuqaliya, Hollandiya kimi yığmaların mükafata iddia etdiyi çempionata meydan sahibi kimi qatılan Azərbaycan millisi tarixində ilk dəfə qitə çempionatının həlledici mərhələsində oynayacaq. Ümumiyyətlə, bütün futbol yığmaları tarixində (futzal istisna olmaqla) ilk dəfə Avropa çempionatında ölkəmiz də olacaq. U-17 komandaların 15-ci çempionatının görüşləri Bakının 4 stadionunda oynanılacaq. “Qarabağ” stadionu qrupdakı 6, 8-ci kilometr stadionu və “Dalğa Arena” həmin raundun 6 görüşü ilə yanaşı, dörddəbir finalın 2 matçına da ev sahibliyi edəcək. Bakı Olimpiya Stadionu isə 6 qrup oyunu, yarımfinal və finalı qəbul edəcək. Otuz bir matçdan ibarət 17 günlük turnir Avstriya–Bosniya və Herseqovina qarşılaşması ilə başlayacaq. Turnirin açılışı isə Azərbaycan–Portuqaliya görüşündən əvvələ təsadüf edəcək. “A” qrupunda mübarizə aparan komandamız tarixinin ilk final mərhələsinə baş məşqçi Təbriz Həsənovun rəhbərliyi altında çıxacaq. Dörddəbir finala vəsiqə verən ilk iki yer uğrunda mübarizədə komandamız Belçika və Şotlandiya ilə də üz-üzə gələcək. Yığmamız kimi hakimlərimiz də çempionatın iştirakçıları arasında yer alıb. FİFA referiləri Əliyar Ağayev və Orxan Məmmədov turnirdə ehtiyat hakim kimi təmsil olunacaqlar. Onlardan başqa hakim-inspektor Asim Xudiyev də yarışa təyinat alıb. 17 yaşadək futbolçular arasında Avropa çempionatının final mərhələsi 4 qrup qrupdan ibarətdir: “A” qrupu: Azərbaycan, Portuqaliya, Belçika, Şotlandiya “B” qrupu: Almaniya, Ukrayna, Avstriya, Bosniya və Herseqovina “C” qrupu: İngiltərə, İsveç, Fransa, Danimarka “D” qrupu: İtaliya, İspaniya, Hollandiya, Serbiya. |
|
Xəbər 788 dəfə oxundu. |
|
|