Bakıda sindo-ryu və pençak-silat üzrə X Azərbaycan birinciliyi və çempionatı start götürüb | |
Aprelin 30-da Bakıda ulu öndər Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunan sindo-ryu və pençak-silat üzrə X Azərbaycan birinciliyi və çempionatının açılış mərasimi keçirilib. Tədbir idmançıların paradı ilə başlayıb. Azərbaycanın dövlət himni səsləndirilib, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Sindo-ryu və Pençak-silat Federasiyasının prezidenti vəzifəsini icra edən Ceyhun Əşrəfov qeyd edib ki, turnirin keçirilməsində əsas məqsəd xalqımızın ümummilli lideri Heydər Əliyevin zəngin siyasi irsinin təbliğinə, dahi rəhbərin Azərbaycan dövlətçiliyinin xilasında, müstəqilliyimizin möhkəmləndirilməsi istiqamətində misilsiz xidmətlərinin ictimaiyyətə daha geniş çatdırılmasına dəstək verməkdir. Həmçinin son illərdə ölkəmizdə inkişaf etməkdə olan sindo-ryu və pençak-silatın kütləviləşdirilməsinə, idmanın bu növünə marağın daha da artırılmasına çalışmaqdır. O, ölkəmizdə idmanın, o cümlədən sindo-ryu və pençak-silatın inkişafına göstərdiyi diqqət və qayğıya görə dövlətimizin başçısına təşəkkürünü bildirib. Turnirin açılış mərasimində İndoneziyanın Azərbaycandakı səfiri Hüsnan Bəy Fanani pençak-silatın qədim tarixə malik olduğunu söyləyib. Səfir qeyd edib ki, vətəni İndoneziya sayılan bu idman növünün Azərbaycanda bu səviyyədə inkişaf etməsi sevindiricidir. İndoneziyada pençak-silatın təkcə idman kimi deyil, incəsənət və yaşam tərzi olaraq da geniş yayıldığını qeyd edən diplomat bildirib ki, ölkəsində kiçik yaşda olan uşaqlara belə bu idman növü öyrədilir. “Sərhədçi” İdman Olimpiya Mərkəzində təşkil olunan X Azərbaycan birinciliyi və çempionatı ilə yanaşı, azarkeşlərin marağını nəzərə alaraq “One silat” idman növü üzrə də beynəlxalq yarış keçirəcək. “One silat” bizə məlum olan qaydasız döyüşə çox yaxındır və ona Asiya ölkələrində böyük maraq var. Bu yarışda əsasən Azərbaycan və Özbəkistan idmançıları güclərini sınayacaqlar. Qaliblər diplom və qiymətli hədiyyələrlə yanaşı, Asiya və Avropa çempionatlarında iştirak etmək hüququ da qazanacaqlar. |
|
Xəbər 750 dəfə oxundu. |
|
|