Futzalçılarımız mundial debütündə nəyə qadir ola bilərlər? | |
Dünya fəzanın dərinliklərinə ilk insanın uçuşunu təntənə etdiyi bir gündə Azərbaycan futzalçıları da özünəməxsus ucalığı fəth edib. Komanda doğma divarlar arasında Niderlandla heç-heçə etsə də, səfərdəki iri hesablı qələbə sayəsində ilk dəfə Dünya kubokunda oynamaq hüququ əldə etdi. Sentyabrın 10-dan oktyarbın 2-dək Kolumbiyada keçiriləcək turnirə komandamızdan savayı, Avropadan İtaliya, Qazaxıstan, Portuqaliya, Rusiya, İspaniya, Ukrayna yığmaları yollanırlar. Cənubi Amerikanı ev sahibi Kolumbiyadan savayı, yarışda sonuncu çempion Braziliya, həmçinin Argentina və Paraqvay təmsil edəcəklər. Asiya təmsilçiləri isə Avstraliya, İran, Tailand, Özbəkistan və Vyetnamdır. Afrika, Şimali və Mərkəzi Amerikanı təmsil edən qalan kollektivlər isə son seçim turlarındadırlar. Təxmin etdiyimiz kimi, bu matç hollandlar üçün prestij matçı olduğu üçün bir qədər gərgin keçdi. Komandamıza gəldikdə, bütün çatışmazlıqlar bu görüşdə özünü əyani büruzə verdi. Bununla belə ümidsizlik olmamalıdır. Qarşıdakı dünya çempionatına hələ xeyli vaxt qaldığından xətlərarası əlaqələrdə və oyun quruculuğunda çox yeniliklər etmək mümkündür. Braziliyalı mütəxəssisdən fərqli olaraq, Pere daha fərqli taktiki oyun çeşidlərindən istifadə edirdi ki, bu da taraz oyuna meyilliliyi artırır. Bu məşqçinin də heyətdə rotasiyaya çox ciddi fikir vermədiyi sezilir. Haradasa onu da anlamaq olar. Çünki komandanın oyun təcrübəsini artırması üçün nə AFFA, nə də federasiya bir tədbir görmür, ancaq kiçik toplantılarla kifayətlənirlər. Halbuki futzalda oyun praktikası, eləcə də daimi sparrinqlərin rolu hədsizdir. Ələlxüsus da ölkə çempionatının zəif olduğunu, komandanın potensial ehtiyatının zəifliyini nəzərə alsaq, bu elementə xüsusi diqqət yetirilməlidir. Özü də sparrinqlərdə tam fərqli üslubların komandaları ilə, əlbəttə, nəticələri tam ciddiyyətə almadan oyunlar seriyasını genişləndirmək lazımdır. Hələlik diqqət mərkəzində olan məsələ komandanın həmin yarışdan qənaətbəxş nəticə ilə ayrılması üçün qüvvələri səfərbər etməkdir. Lakin həmin məqsəd çərçivəsində, nəhayət ki, Azərbaycan futzalının inkişaf planı hazırlanmalı və həyata keçirilməsinə başlanmalıdır. Axı, ölkədə inşa olunan geniş idman kompleksləri ənənəsi, eləcə də orta məktəblərin idman zalları bu iş üçün ən geniş və münbit şəraiti təmin edir. Qalan işləri isə tam ciddi və real planları nəzərə alan proqramla həyata keçirmək mümkündür. Bütün yeniliklər, gələcək planlar qurmaq, həm də yeni baş məşqçinin seçiminə də təsir etməlidir. BATI YAR "İdman" qəzeti |
|
Xəbər 754 dəfə oxundu. |
|
|