Azərbaycan ilə Yunanıstan arasında idman sahəsində əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb | |
Azərbaycan Respublikasının gənclər və idman naziri Azad Rəhimov aprelin 20-dən etibarən Yunanıstan Olimpiya Komitəsinin prezidenti Spiros Kapralosun dəvəti ilə bu ölkədə səfərdədir. Səfər çərçivəsində nazir Yunanıstan Respublikası ilə idman sahəsində mövcud əlaqələrimizi, gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək məqsədi ilə Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyində görüşdə olub. Görüş zamanı iki ölkə arasında idman sahəsində mövcud əlaqələr və gələcək əməkdaşlıq perspektivləri müzakirə edilib. Görüşün sonunda idman sahəsində müqavilə-hüquq bazasını gücləndirmək məqsədi ilə Yunanıstan tərəfinin təqdim etdiyi “Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi ilə Yunanıstan Respublikasının Mədəniyyət və İdman Nazirliyi arasında idman sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu” imzalanıb. Anlaşma Memorandumunun yekunu olaraq hər iki ölkənin idman və Olimpiya müəssisə və təşkilatları arasında idman və Olimpiya hərəkatı sahəsində mübadilələr daha da inkişaf etdiriləcək. Eyni zamanda, müqavilə idmançılarımızın səviyyəsinin yüksəlməsinə dəstək olması üçün dünya və Avropa çempionatlarında, beynəlxalq idman tədbirlərində milli komandaların optimal iştirakının həyata keçirilməsində idman sahəsində çox zəngin təcrübəyə malik yunan idmançıları ilə ümumi təlimlərin təşkilini də özündə əks etdirir. Səfər çərçivəsində nazir eyni zamanda Azərbaycan Respublikasının Yunanıstan Respublikasındakı Səfirliyi tərəfindən təşkil edilmiş ümummilli lider Heydər Əliyevə həsr olunmuş kitabın yunan dilində təqdimat mərasimində də iştirak edib. Bu gün isə nazir Azad Rəhimov Braziliyada keçiriləcək XXXI Yay Olimpiya və XIV Paralimpiya Oyunları üçün olimpiya məşəlinin alovlandırma mərasimində iştirak edəcək. Məlumat üçün bildirək ki, Olimpiya Oyunlarında açılış günü stadionda yandırılan alov ənənəyə görə Yunanıstanın Afina şəhəri yaxınlığında yerləşən Olimpiya məbədindən götürülür. |
|
Xəbər 1076 dəfə oxundu. |
|
|