Azərbaycan akademik avarçəkənləri I Dünya Kubokunda çıxış ediblər
İtaliyanın Vareze şəhərində akademik avarçəkmə üzrə I Dünya Kuboku keçirilib. Azərbaycanı Vassil Vitanov və Cavid Əfəndiyevdən ibarət duet təmsil edib.

Onlar 2 nəfərlik qoşa avarlı yüngül çəkilib qayıqla (LM2x) 2000 metr məsafəyə yürüşlərə qatılıblar. Seçmə yürüşdə Vitanov - Əfəndiyev dueti finişə 7 dəqiqə 10,150 saniyəyə çataraq, CAR, Belçika, Hollandiya, İspaniya və Kipr təmsilçilərindən sonra 6-cı yeri tutub.

Təsəlli yürüşündə Azərbaycan cütlüyü finişə daha tez - 6 dəqiqə 34,560 saniyəyə çatıb. Bu göstəricidə Hollandiya, İspaniya, Polşa və Türkiyə duetlərindən geri qalan Vitanov - Əfəndiyev cütlüyü yalnız Avstriya idmançılarını üstələyə bilib.

Azərbaycan təmsilçiləri çıxışlarını C Finalında başa vurublar. Bu dəfə Vitanov - Əfəndiyev dueti Kipr, Anqola və Avstriya avarçəkənlərini qabaqlayıb və 6 dəqiqə 36,870 saniyə nəticə ilə yürüşün qalibi olub. Beləliklə, ümumi sıralamada onlar 13-cü olublar.

Qeyd edək ki, bu, Vassil Vitanov - Cavid Əfəndiyev duetinin xaricdə ilk sınağı olub. Hazırda onlar növbəti reqatalara, o cümlədən, 22 - 25 mayda İsveçrənin Lütsern şəhərində keçiriləcək Avropa və Final Olimpiya Təsnifat Reqatasına hazırlaşırlar. 2016-cı il Rio-de-Janeyro Yay Olimpiya Oyunlarına lisenziya qazanmaq üçün bu cütlük qarşıdakı yarışda ilk 2 yerdən birini tutmalıdır.

Hazırlıq prosesində hələ ötən il "Rio-2016"ya lisenziya əldə etmiş Aleksandr Aleksandrov - Boris Yotov dueti də iştirak edir. Onlar olimpiadada 2 nəfərlik qoşa avarlı qayıqla (M2X) çıxış edəcəklər.

Xəbər 2172 dəfə oxundu.