Azərbaycanın idman gimnastları Berlində beynəlxalq turnirdə iki gümüş medal qazanıblar | |
Berlində keçirilən idman gimnastikası üzrə gənclər arasında XXI “Junior Team Cup” beynəlxalq turnirində Azərbaycan idmançıları iki gümüş medal qazanıblar. Turnirdə ölkəmizi gənc gimnastlar Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, Səməd Məmmədli və Sergey Onbış təmsil ediblər. Bu turnir sonuncu üç idmançının beynəlxalq arenada debüt çıxışı olub. 2002-ci il təvəllüdlü gimnastların yarışında S.Məmmədli sərbəst hərəkətlər və dəstəli at üzərində mübarizənin finalında iki gümüş medal qazanıb. O, turnik üzərində hərəkətlərin finalında dördüncü yerlə kifayətlənməli olub. S.Məmmədli halqa və dayaqlı tullanma yarışlarında isə altıncı yerdə qərarlaşıb. A.Qəhrəmanov və S.Onbış isə 2001-ci il təvəllüdlü gimnastların yaş qrupunda çıxış ediblər. S.Onbış dayaqlı tullanma yarışında finala vəsiqə qazanıb və beşinci yeri tutub. A.Qəhrəmanov isə paralel qollar üzərində finalda beşinci yerə layiq görülüb. Azərbaycanı daha böyük yaş qrupunda təmsil edən gimnast M.Ağarzayev dayaqlı tullanma yarışının finalında mübarizə aparıb. O, turniri beşinci sırada başa vurub. |
|
Xəbər 756 dəfə oxundu. |
|
|