Antonio Konte futbol üzrə İtaliya yığmasının baş məşqçisi postunu tərk edir
Futbol üzrə İtaliya yığmasının baş məşqçisi Antonio Konte “Avro-2016”-dan sonra postunu tərk edəcək. Bu barədə İtaliya Futbol Federasiyası (İFF) məlumat verib.

İtaliyanın “Yuventus” futbol klubunun keçmiş məşqçisi, 46 yaşlı A.Konte 2014-cü ilin avqustundan etibarən İtaliya millisinin baş məşqçisi olaraq fəaliyyət göstərir. İFF-nin prezidenti Karlo Tavekkio bildirib ki, A.Konte əsasən klub məşqçisi kimi fəaliyyətini davam etdirmək niyyətindədir. O deyib: “Biz bu məsələni ciddi araşdıracağıq və onun qərarını qəbul edəcəyik. A.Konte hər zaman böyük peşəkarlıqla çalışıb. İtaliya milli yığmasının nüfuzunun yüksəlməsində onun əməyi böyükdür və buna görə də A.Konteyə minnətdarıq”.

Qeyd edək ki, İtaliya milli yığmasının keçmiş baş məşqçiləri Roberto Donadoni və Sezar Prandelli bu post üçün əsas namizədlər hesab olunurlar.

AZƏRTAC

Xəbər 730 dəfə oxundu.