Azərbaycan kuboku: Bu gün dörddəbir finalçılar müəyyənləşəcək | |
Bu gün futbol üzrə Azərbaycan kuboku yarışlarının dörddəbir final mərhələsinin cavab görüşləri oynanılacaq. Bütün yarımfinalçılar eyni gündə müəyyənləşəcək. Əvvəlcə “İnter” eyniadlı arenada “Rəvan”ı qəbul edəcək. İlk oyunda “Rəvan”a 2:1 hesabı ilə uduzan “İnter” öz meydanında bu nəticənin təsadüfi olduğunu sübut etməlidir. Meydan sahiblərinə evdə minimal hesablı qələbə də kifayət edəcək. Zaur Svanadzenin yetirmələri yarımfinala çıxa bilməsələr, bu, mərhələnin əsas sensasiyası olacaq. Paralel start götürəcək növbəti iki oyunda “Sumqayıt” “Qarabağ”, “Qəbələ” isə “Zirə” ilə qarşılaşacaq. Qurban Qurbanovun komandası Sumqayıta doğma meydanda qazandığı 2:0 hesablı qələbənin rahatlığı ilə yollanıb. “Qəbələ” isə “Zirə” ilə oyuna səfərdə qazandığı qalibiyyətin üstünlüyü ilə çıxacaq. Bakı təmsilçisi Qəbələdə ən az iki top fərqi ilə qalib gəlməlidir. Çempionatda ikinci pillə uğrunda mübarizə aparan rəqiblərin növbəti turda bir-biri ilə qarşılaşması da oyuna əlavə rəng qatır. Sonuncu yarımfinalçı isə “Neftçi”–“Xəzər-Lənkəran” görüşündə məlum olacaq. Çempionatda ən uğursuz dövrünü yaşayan iki komandanın ötən həftə Lənkəranda baş tutan duelində meydan sahibləri qalib gəlmişdi. Lənkəran təmsilçisi bu üstünlüyündən maksimum yararlanmağa çalışacaq. “Neftçi”ni isə həlledici oyuna klubun yeni baş məşqçisi Vəli Qasımov çıxaracaq. Ardıcıl dörd il finalda oynayan paytaxt klubu mübarizəni dayandırsa, bu rekord seriyası ilə vidalaşmalı olacaq. |
|
Xəbər 751 dəfə oxundu. |
|
|