"Olimpiya hərəkatı” proqramı çərçivəsində Nardaranda məktəblərarası yoldaşlıq görüşü keçirilib
Beynəlxalq Olimpiya Komitəsinin və Olimpiya Oyunlarının ümumdünya tərəfdaşı olan “Coca-Cola” şirkətinin, Azərbaycan Milli Olimpiya Komitəsinin, Gənclər və İdman Nazirliyinin, həmçinin Təhsil Nazirliyinin birgə tərəfdaşlığı həyata keçirilən “Olimpiya hərəkatı” kütləvi idman proqramı çərçivəsində Sabunçu rayonunun Nardaran qəsəbəsində məktəblərarası yoldaşlıq görüşü təşkil olunub.

Basketbol 3x3, futbol və atletika idman növləri üzrə keçirilən yoldaşlıq görüşündə 100-dən artıq şagird iştirak edib. Tədbirin əsas məqsədi məktəblilərin Bakı birinciliyinin final mərhələsinə vəsiqə qazanmış gənc idmançılara kömək göstərmək, həmçinin şagirdləri müxtəlif idman növləri vasitəsilə sağlam və fəal həyat tərzinə həvəsləndirmək olub.

Tədbirdə Milli Olimpiya Komitəsinin, Gənclər və İdman, eləcə də Təhsil nazirliklərinin səlahiyyətli şəxsləri ilə birgə “Olimpiya hərəkatı” beynəlxalq proqramının ulduz idmançıları Amil Həmzəyev (basketbol) və Orxan Qələndərov (badminton) da iştirak ediblər. Gənc idmançılara dəstək olmaq üçün yarışa ilk Avropa Oyunlarının bürünc mükafatçısı, karateçi Niyazi Əliyev də qatılıb.

Ümumilikdə 400-dək məktəbi əhatə etmiş “Olimpiya hərəkatı” proqramı çərçivəsində 12-16 yaşlı şagirdlər arasında müxtəlif səviyyəli 100-ə yaxın yarış və təşviqedici təlim-məşq toplantısı, həmçinin yoldaşlıq görüşü keçirilib. Milli idman federasiyalarının dəstəyi ilə keçirilmiş yarış və məşqlərdə 30 faizini qızların təşkil etdiyi 50 minədək məktəbli iştirak edib. “Olimpiya hərəkatı” proqramında şagirdlərə dəstək olan məşqçi və müəllimlərin sayı 1500 nəfərdir. Şagirdləri 5 minə yaxın tamaşaçı dəstəkləyib. Proqram 2016-cı ilin aprelində ilk Avropa Oyunlarında yarışların keçirildiyi obyektlərdən birində təşkil olunacaq final yarışı və idman festivalı ilə başa çatacaq.

Xəbər 641 dəfə oxundu.