Vaqif Nəsibov: «Düşünürəm ki, London olimpiadasına lisenziya qazanacağıq»
Üzgüçülük üzrə yığmanın baş məşqçisi Vaqif Nəsibov komandamızın London olimpiadasına hazırlığı ilə bağlı idman.com.az saytına açıqlama verib. Mütəxəssis, idmançılarımızın martın 17-18-də Sankt-Peterburq şəhərində keçiriləcək lisenziya xarakterli beynəlxalq turnirdə uğur əldə edəcəklərin ümidvar olduğunu bildirib:

«Qarışıda üzgüçülərimizi lisenziya xarakterli yarışlar gözləyir. Düşünürəm ki, London olimpiadasına vəsiqə qazana bilərik. Yığmamızın legioner idmançısı Yevgeni Lazuka yanvar ayında Belarusiyanın açıq çempionatında 100 metr məsafəyə batterflyay üsulunda 54.72 saniyə nəticə göstərmişdi. O, bu proqramda Rusiyada keçiriləcək yarışlarda lisenziya uğrunda mübarizə aparacaq. Təmsilçimiz nəticəsini yarım saniyə yaxşılaşdırarsa, lisenziya normasını yerinə yetirəcək (54,19 san).
Digər legioner idmançımıza gəlingə, Andrey İlin 50 metr məsafəyə sərbəst üsulla üzəcək».

Baş məşqçi, martın 24-28-də Qazaxıstanda təşkil edələcək lisenziya xarakterli beynəlxalq turnirdə 1 idmançımızın qüvvəsini sınayacağını söyləyib. Boris Kirillov arxası üstə (50 metr,100 metr) üzmə yarışlarında iştirak edəcək.
Qeyd edək ki, hazırda Y.Lazuka və A.İlin Minsk şəhərində təlim-məşq toplanışındadırlar. Hazırlıq martın 16-sına qədər davam edəcək. B.Kirillov məşqlirini Bakıda davam etdirir.
Vaqif müəllimin sözünə görə, qış çempionatının da mart ayında keçirilməsi planlaşdırılır: «Havaların soyuq keçməsi ilə bağlı qış çempionatı bir qədər təxirə salınıb. Düşünürük ki, martın ilk ongünlüyündə üzgüçülərimiz qış çempioanatında qüvvələrini sınayacaqlar».

Leyla Qurbanova

Xəbər 2159 dəfə oxundu.