“Baku Fires” klubu növbəti görüşündə “Astana Arlans”la qarşılaşacaq | |
Ölkəmizi Ümumdünya Boks Seriyasında (WSB) təmsil edən “Baku Fires” klubu martın 4-də növbəti görüşünə çıxacaq. Komandamız Boks Mərkəzində ötən mövsümün qalibi “Astana Arlans”la qarşılaşacaq. Qazaxıstan təmsilçisi hazırda 3 xalla qrupda 3-cü yeri tutur. Hesabında 6 xal olan “Baku Fires” isə 2-ci pillədədir. Komandaların heyətləri artıq məlumdur: Baku Fires – Astana Arlans 52 kq. Məhəmməd İbiyev – Oljas Sattibayev 60 kq. Nəsrəddin Məmmədov – Zakir Safiullin 69 kq. Tamerlan Abdullayev – Aslanbek Şıybergenov 81 kq. Mixail Dalqalivets – Nurdaulet Jarmanov +91 kq. Arslanbek Mahmudov – Nurjan Bekzatov Nəsrəddin Məmmədov cari mövsümdə komandamızın heyətində ilk döyüşə çıxacaq. Ancaq Məmmədov ötən il iki dəfə WSB liqasında rinqə çıxaraq, görüşlərdən birində qalib gəlib. Onun rəqibi 60 kq-da Qazaxıstanın ən güclü boksçularından olan Safiullin 2015-ci ilin Asiya çempionatının gümüş mükafatçısıdır. Odur ki, bu qarşılaşmada Nəsrəddin üçün çox çətin olacaq. Xatırladaq ki, millimizin üzvü Albert Səlimov 29 yaşlı Safiullini ötən ilin martında məğlub edib. AİBA Pro Boxing təcrübəsi olan Tamerlan Abdullayev bu mövsüm ilk dəfə WSB liqasında rinqə çıxacaq. Onun rəqibi 2015-ci ilin iyununda kubalı Roniel İqlesias üzərində qələbə qazanaraq, diqqət mərkəzinə düşən Şıybergenovdur. 52 kq çəki dərəcəsində mübarizə aparan İbiyev “Astana Arlans”ın ən təcrübəli üzvlərindən biri Oljas Sattibayevlə üz-üzə gələcək. Qazaxıstan boksçusu Ümumdünya Boks Seriyasında 7 döyüşün 5-də qalib gəlib. O, son dünya çempionatının gümüş mükafatçısı Yosbani Veitia üzərində qələbə qazanmaqla, potensialını ortaya qoyub. “Astana Arlans” ötən tur səfərdə “Uzbek Tigers”ə 1:4 hesabı ilə məğlub olub. Qazaxıstan təmsilçisi bu səbəbdən Bakıda qələbə qazanmaq üçün əlindən gələni edəcək. Qonaqların baş direktoru Serik Sapiyev “Baku Fires”lə görüşlərin prinsipial keçdiyini və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb. Turnir cədvəli 1. Uzbek Tigers – 10 xal (4 görüş, qələbə sayı 16-4) 2. Baku Fires – 6 xal (3, 8-7) 3. Astana Arlans– 3 xal (2, 5-5) 4. Puerto Rico Hurricanes – -1 (3, 1-14). |
|
Xəbər 797 dəfə oxundu. |
|
|