Eldar Həsənov: “Komandamızla qürur duydum”
Futzal üzrə Avropa çempionatının final mərhələsində keçirilmiş Azərbaycan - Çexiya oyununu izləyən respublikamızın Serbiyadakı fövqəladə və səlahiyyətli səfiri Eldar Həsənov müsahibə verib

“Komandamızla qürur duydum”
- Həyəcanlı və dramatik keçən qarşılaşma ilə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı...
- Çox həyəcanlı idik. Futzal idmanın xüsusi çeviklik tələb edən bir növüdür. Hər saniyənin öz hökmü var və qarşılaşmanın taleyi oyunçuların çevikliyindən çox asılıdır. Komandamızla qürur duydum. Sevindirici məqamlardan biri də Serbiyanın ən ucqar rayonunda yaşayan azərbaycanlıların da oyunu seyr etmək üçün “Belqrad Arena”ya gəlməsidir. Azərbaycanın qısa bir zaman içərisində idman ölkəsinə çevrildiyini unutmaq olmaz. İdmanın bütün növlərində əldə edilən uğurlara görə bayrağımızın dalğalanması və himnimizin səsləndirilməsi bizi sevindirir, fəxr hiss keçiririk. Qısa müddət ərzində ölkəmiz haradan-hara gəldi. 15 il əvvəl Azərbaycanın adı bu idman növündə çəkilmirdi. Amma indi Avropanın 12 ən güclü komandası sırasındayıq. Buna görə də əməyi keçən hər kəsə – məşqçilərə, rəhbərliyə, texniki heyətə, futzalçılarımıza təşəkkürümü bildirirəm.

- Oyun zamanı komandamız dəfələrlə hesabda irəli çıxsa da, rəqib mübarizəni sona qədər davam etdirdi. Qələbə qol vurulana qədər hansı hissləri keçirdiniz?
- Bunu sözlə ifadə etmək çox çətindir. Sakit təbiətli insan olsam da, yerimdə sakit otura bilmirdim. Əlbəttə, nəticə bizi çox sevindirdi.

- Bu qələbə komandamıza mübarizəni davam etdirmək şansı yaradıb. Növbəti oyunlarda necə, sizi tribunada görə biləcəyikmi?
- Millimizin burada keçirəcəyi oyunların hamısını yaxından izləyəcəyəm. Sonrakı oyunlarda da uğur qazanmaq üçün kifayət qədər əsasımız var. Çünki komandamız peşəkarlardan qurulub.

- İdmanda əldə edilən uğurlu nəticə həm də istənilən ölkənin tanınmasında müstəsna rol oynayır...
- Xatırlayaq ki, Azərbaycan idmanda ilk ciddi uğurlarına 2000-ci ildə Sidneydə keçirilən Yay Olimpiya Oyunlarında nail oldu. Qazanılan qızıl medallar bayrağımızın dalğalanmasına, himnimizin səsləndirilməsinə xidmət etdi. O vaxtdan bəri olimpiya, dünya və Avropa çempionatlarında, eləcə də I Avropa oyunlarında qazanılan medalların hamısı Azərbaycan xalqının, xüsusilə də Prezidentimizin apardığı siyasətin tərkib hissəsidir. Azərbaycan dünyada idman ölkəsi kimi tanınır.

- Ötən il ölkəmizdə I Avropa Oyunları keçirildi. Bu ilə isə 17 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatı, eləcə də 2020-ci ildə futbol üzrə Avropa çempionatının bir neçə məsul oyunu keçiriləcək. Bunları beynəlxalq təşkilatların ölkəmizə tam etimadının nəticəsi kimi dəyərləndirmək olarmı?
- Bu, Azərbaycanın beynəlxalq aləmdəki nüfuzunun təsdiqidir. Digər yandan, bu millətimizin sağlam ruhunun göstəricisi, ölkəmizin tanınması, sevilməsi, kim olduğumuzu ortaya qoymaq üçün ən güclü vasitədir. Bütün bunlar xalqımızın, dövlətimizin mənafeyinə xidmət edən amillərdir.

affa.az

Xəbər 901 dəfə oxundu.