Bakıda “Formula-1” yarışlarında tibbi yardımın təşkili üzrə marşallar üçün təlim təşkil olunub
Fevralın 5-də Bakıda “Formula-1” yarışlarında tibbi yardımın təşkili üzrə marşallar üçün təlim keçirilib. Təlim qəza zamanı avtomobillərdən pilotların çıxarılması və düzgün tibbi yardım göstərilməsi mövzularını əhatə edib.

Tədbirdə Beynəlxalq Avtomobil Federasiyasının Tibbi Komissiyasının fəxri vitse-prezdienti Jan-Jak İsserman iştirak edib. Yerli tibb marşallarının təlimini izləyən J.İsserman onlara tövsiyələrini verib və bu işin vacibliyini diqqətə çatdırıb.

“Bakı Şəhər Halqası” Əməliyyat Şirkətinin əməliyyatlar üzrə rəhbəri Çingiz Mehdiyev təlimin əhəmiyyətini yüksək qiymətləndirib. Bildirib ki, təlimlərdən sonra iştirakçılar imtahan verəcəklər. Təlimi uğurla tamamlayan marşallara sertifikatlar təqdim olunacaq. Sertifikat almış marşallar Bakıda təşkil olunacaq “Formula-1” üzrə Avropa Qran-pri yarışlarında iştirak edə biləcəklər. Ümumilikdə Avropa Qran-pri yarışlarında 1400 marşal iştirak edəcək. Onlardan 150-si yanğınsöndürmə, 150-si həkim komandası olacaq. On səkkiz nəfər isə sırf çıxarılma prosesi ilə məşğul olacaq.

Çıxarılma prosesinin 1929-cu ildən tətbiq olunduğunu diqqətə çatdıran J.İsserman bu metodun hər il yeniləndiyini vurğulayıb. Qonaq qeyd edib ki, bu çıxarış prosesindən bütün “Formula-1” yarışlarında istifadə olunur. Bakıda təşkil olunan təlimlərin uğurlu keçdiyini deyən əcnəbi mütəxəssis deyib: “İki gün davam edəcək təlimlərdən sonra marşallar imtahan verib, yarışlarda iştirak hüququ qazanacaqlar. Burada üç komanda ilə işləyirik və hamısının güclü potensialı var”.

Sonra qəza zamanı pilotların avtomobillərdən çıxarılması və düzgün tibbi yardım göstərilməsi qaydası əyanı nümayiş olunub.

“Formula-1” üzrə Avropa Qran-pri yarışlarında qəza zamanı pilotların avtomobillərdən çıxarılması prosesinə üç komanda cəlb olunacaq. Hər komandada 6 marşal yer alacaq. Onlardan biri lider, biri isə həkim kimi fəaliyyət göstərəcək.

Xəbər 948 dəfə oxundu.