“Rio-2016": Olimpiya halqası ətrafında qoşaçarx dövrəsi | |
IX yazı “Rio-2016": Lisenziyalar necə qazanılır? Rio-2016 Yay Olimpiya Oyunlarının bir qrup yarışı qoşatəkər üzərində - velosipedlə keçəcək. Onun da Azərbaycan üçün böyük əhəmiyyəti var. Axı, 2015-ci ilin yekunlarına əsasən, Avropa turunda müvafiq yeri tutmuş Maksim Averinin əldə etdiyi nəticələr sayəsində ölkəmiz bu idman növündə də ilk dəfə olimpiadada təmsil olunacaq. Velosiped idmanı da olimpiya oyunlarının ayrılmaz tərkib hissəsinə çevrilib. 4 növü əhatə edəcək yarışlardan bir qismi ənənəvi hesab olunur, trekdə və yolda keçir. Qalanları isə sürətlə populyarlaşmaqdadır. "Rio-2016"ya lisenziya qazanmağın yollarını təsnifat sisteminə həsr olunmuş 9-cu məqaləmizi bu növlərə həsr edirik. Dörd növ yarışdan biri ölkəmizə də vəsiqə qazandırıb. Kişilərin şose yürüşlərində qrup proqramında Azərbaycanın təmsilçisi də mübarizə aparacaq. Ümumən, velosipedçilərin yarışında 18 medal dəsti sahibinə çatdırılır. Ona görə də bu yarışların əhəmiyyətinə diqqət etmək lazımdır. BMX Qarşıdakı seçmələr - 30 may 2016 (31 may 2014-cü ildən başlanmış olimpiya reytinqi xallarının toplanması və BVİ fərdi reytinqi dövrü); 25-29 may. Medelyin, Kolumbiya (Dünya çempionatı). Hər ölkə yarışlara 5 idmançı (3 kişi və 2 qadın) çıxara bilər. İdmançı lisenziyanı özünə deyil, ölkəsinə qazanır. Lisenziyaçıları müəyyən etmək üçün xüsusi olimpiya reytinq hesabı var. Kişilərin reytinqində ilk 4 yerin sahibi 3, 5-7-ci yerlər - 2, 8-13-cü yerlər isə 1 lisenziya əldə edirlər. Qadınlarda isə ilk 3 yer tam heyət, 4-7-ci yerlər isə 1 idmançı göndərmək fürsəti əldə edəcək. BVİ-nin (Beynəlxalq Velosipedçilər İttifaqı) şəxsi reytinqinə gəlincə, olimpiya reytinqləri ilə (4+3 lisenziya) tam komanda formalaşdıra bilməyənlər öz ölkəsi üçün əlavə yer əldə etmiş olacaqlar. Amma hər ölkə bu yolla 1-dən artıq lisenziya qazana bilməz. Dünya çempionatına gəlincə, bu yarış reytinqlərlə 4 kişi və 3 qadın velosipedçisinə olimpiyada vəsiqəsi ala bilməyənlər üçün son şans olacaq. Burada da cəmi 1 lisenziya sahibinə çatdırıla bilər. Beləliklə, mundialda 5 (3 kişi+2 qadın), olimpiya reytinqində 34 (24+10), şəxsi hesabda 7 (4+3) və ev sahibinə verilmiş 2 (1+1) yer də nəzərə alınmaqla, cəmi 48 "biemiksçi" olimpiadada qələbə və 2 dəst medal uğrunda yarışacaq. Olimpiya turniri Deodorudakı 5 min yerlik BMX Olimpiya Mərkəzində avqustun 17-dən 19-dək keçiriləcək. Dağ velosipedi Qarşıdakı seçmələr- 24 may 2016 (25 may 2014-cü ildən başlanmış olimpiya reytinqi xallarının toplanması dövrü). Hər ölkə mauntinbayk da adlandırılan dağ velosipedi yarışında 3 kişi və 2 qadın idmançı ilə təmsil oluna bilər. Həm də hər "dağçı" vəsiqəni özünə deyil, ölkəsinə qazanır. Olimpiya təsnifat reytinqinin iki əsas tərkib hissəsi olur: birincisi, dərə-təpə (kross-kantri) proqramı üzrə 2015-ci il mayın 25-dək BVİ-nin ölkələr üzrə reytinqi və 2016-cı ilin eyni dövrü üçün analoji reytinqinə görə olan vəziyyət əsas götürülür. Bu hesablamalarda BVİ-nin fərdi təsnifatında 3 ən yüksək reytinqə malik idmançının nəticəsi də nəzərə alınır. Kişilərdə ən yüksək reytinqə malik 5 ölkə olimpiadaya 3 dağ velosipedçisi ilə yollana biləcək. 6-13-cü yerlərin sahibləri 2, 14-23-cü yerləri qazananlar isə 1 kişi idmançı ilə mübarizəyə qoşulacaqlar. Qadınlarda 8 ən yaxşı ölkə 2, 9-17-ci yerlərin sahibləri isə 1 idmançı ilə olimpiya müsabiqəsində yer alacaqlar. Afrikadan Mavritaniya və CAR, Amerikadan Braziliya və Kolumbiya, Asiyadan Yaponiya və Çin, Okeaniyadan Avstraliya və Yeni Zelandiya ən azı bir kişi idmançı ilə yürüşə qoşulacaqlar. Qadınlarda isə CAR, Meksika, Çin və Avstraliyanın bir idmançısı üçün lisenziyası var. Ümumiyyətlə, 50 kişi, 30 qadın dağ velosipedçisi olimpiya mükafatları uğrunda mübarizə aparacaqlar. "Dağçılar" Deodoruda 5 min oturacaqlı, 20 min ayaqüstü tamaşaçı yeri olan Dağ Velosipedi Parkında avqustun 20-21-də yarışacaqlar. Şose velosipedi Qarşıdakı seçmələr - 31 may 2016 (1 iyun 2015-ci ildən hesablanması başlanmış BVİ Dünya turu çərçivəsində qadınların reytinq xallarının təsnifatı dövrü). Ölkələr şose yarışlarına da 5 kişi və 4 qadın velosipedçi çıxara bilərlər. Onların hamısı qrup yürüşünə qatıla biləcəklər. Fərdi zamanla təqibetmə yürüşündə həm qadın, həm də kişilərdə bir ölkədən yalnız 2 idmançıya şans veriləcək. Bütün seçmə yarışlarda idmançılar olimpiya lisenziyasını ölkələri üçün əldə edəcəklər. Ev sahibi Braziliyaya 2 yer ayrıldığı olimpiya yarışına, Dünya turunda 2016-cı il yanvarın 1-nə olan vəziyyətə görə, kişilərdə 5 ən yüksək reytinqli ölkə (İspaniya, İtaliya, Kolumbiya, Böyük Britaniya və Belçika) 5, 6-15-ci yerlər (Fransa, Niderland, Avstraliya, Almaniya, Portuqaliya, İsveçrə) 4 idmançı yollayacaqlar. Lakin bu reytinqin ilk 15-liyində olan ölkələrdən Norveçin 1, Polşa, Çexiya və Sloveniyanın 3 idmançısı (qalanları Avropa turundan) bu hüquqa sahib çıxıb. Eyni zamanda, bu qayda ilə 15 ölkə həmçinin fərdi təqibetməyə 1 idmançı çıxaracaq. Dünya turundan savayı, Avropa turu da lisenziya verir. Həmin dövrə olan məlumata əsasən, ilk 6 ölkə (buna qədər tam tərkibli lisenziyası olmayanlar arasından, Ukrayna, Rusiya, Danimarka) 3, sonrakı 10 ölkə isə (Avstriya, Belarus, Türkiyə, Litva, Estoniya, İrlandiya, Latviya, Xorvatiya və İsveç) 2 idmançı göndərirlər. Eyni zamanda, ilk 6 yerin sahibi olan ölkə fərdi təqibetməyə də bir idmançı çıxarır. Bunlardan savayı, qitələr üzrə Yeni Zelandiya, Efiopiya, Namibiya, BƏƏ, Honq Konq, Dominikan Respublikası və Meksika da bir vəsiqə əldə ediblər. BVİ daha 4 velosipedçini reytinqdən kənar seçəcək. Beləliklə 144 idmançı qrup yürüşünə qoşulacaq. Zamanla fərdi təqibetmə yarışında isə onlardan 40-ı mübarizə aparacaq. Qadınlarda Dünya turunun nəticələri yalnız bu il mayın 31-nə olan vəziyyətə görə təyin ediləcək. İlk 5-lik olimpiadaya tam heyət (4 idmançı) göndərəcək. 6-13-cü yerlər 3, 14-22-ci yerlər 2 velosipedçi ilə təmsil olunacaqlar. İlk 15 yerin sahibi, həm də fərdi təqibetməyə bir idmançı çıxaracaq. Qadınların qrup yürüşündə 67 idmançı mübarizə aparacaq və onlardan 25-i həm də fərdi təqibetmədə mübarizəyə qoşulacaqlar. Qeyd edək ki, 2015-ci il sentyabrın 19-dan 27-dək ABŞ-ın Riçmond şəhərində keçirilmiş dünya çempionatı da zamanla fərdi təqibetmə yarışına həm kişilərdə (Belarus, İtaliya, Fransa, İspaniya, Niderland, Avstraliya, Almaniya, Polşa, Çexiya, ABŞ), həm də qadınlarda (Yeni Zelandiya, Niderland, Almaniya, Avstraliya, ABŞ, Belarus, Belçika, Rusiya, Çexiya və Kanada) daha 10 vəsiqənin sahibini müəyyən edib. Beləliklə, digər lisenziyaları da nəzərə almaqla, bəzi ölkələrin fərdi təqibetmədə iki idmançı ilə təmsil olunması qaydası müəyyən edilmiş olur. Qeyd edək ki, BVİ-nin ölkələr üzrə reytinqi ilə seçilməyənlər də Dünya Turunun fərdi təsnifatına əsasən, qrup yarışlarında ölkəsinə bir lisenziya qazandırmaq şansı əldə edirlər. Özü də onlar bu hüquqa yalnız daha çox lisenziyası olan digər ölkələrin bu imkanlarını əlindən almaqla yiyələnəcəklər. Buna görə fərdi reytinqə də xüsusi diqqət yetirilməlidir. Bu mənada kişilərdə ölkəmizin də bir lisenziyası artıq təmin olunmuş sayılır. Avropa turunun nəticələrinə əsasən, Azərbaycanın qrup yarışlarında bir idmançısı mübarizə aparmaq hüququ əldə edir. Dünya turundan Slovakiya və Lüksemburq, Afrikadan Tunis və Ruanda, Amerikadan Ekvador, Qvatemala və Çili, Avropadan isə ölkəmizlə yanaşı, Serbiya, Yunanıstan, Bolqarıstan və Rumıniya da bu hüquqa sahib çıxırlar. Şoseçilər Kopakabana zonasında yerləşən "Flamenqu park"da avqustun 6-dan 10-dək yarışacaqlar. Trek velosipedi Qarşıdakı seçmələr - 29 fevral 2016 (15 iyul 2014-cü ildən başlanmış olimpiya xallarının toplanmasına təsir göstərən nəticələrin təsnifatı dövrü). İştirakçı ölkələr olimpiadaya ən çox 8 kişi və 7 qadın idmançı ilə yollana biləcəklər. Amma hər ölkə (digər proqramlarda lisenziya qazanmış idmançının hesabına) həm kişi, həm də qadınlarda daha bir əlavə vəsiqəyə ümid edə bilər. Seçmə mərhələdə hər kəs yalnız ölkəsinə lisenziya qazanır. Fərdi proqram üzrə sprint və keyrində ölkənin şərəfini yalnız iki, omniumda isə bir idmançı qoruya bilər. Komanda təqibetmə yarışlarında həm kişi, həm də qadınlarda heyətə 4, komanda sprintində isə 3 kişi və 2 qadın velosipedçi cəlb olunacaq. Lisenziyalar BVİ reytinqinə görə veriləcək və buraya son iki qitə və dünya çempionatları, dünya kubokları daxildir. Reytinqin ilk doqquzluğu komanda sprintində yarışmaq hüququ əldə edəcək. Amma bu mütləq hesabat deyil. Çünki qitələrə maksimal iştirakçı limiti tətbiq edilib. Məsələn, Avropadan 5-dən artıq komanda ola bilməz. Bu ölkələr fərdi sprint və keyrində iki idmançı ilə təmsil oluna bilərlər. Lakin onlar komanda sprintinin iştirakçıları arasından seçilməlidirlər. Fərdi sprint və keyrində həm də artıq seçilmişlər istisna olmaqla, qalan 9-luqdan seçiləcəklər. Özü də bu doqquzluqda bütün qitələrin təmsilçiləri yer almalıdırlar. Komanda təqibetməsinə də reytinqin ilk doqquzluğu vəsiqə alacaq. Avropa üçün limit 6 təmsilçidir. Olimpiya reytinqinin ilk 18 ölkəsi omniumda təmsil olunacaq. Avropa üçün limit 8 iştirakçıdır. Trek yarışları 7500 nəfərlik Rio Olimpiya Velodromunda (və ya Barra velodromu) təşkil olunacaq. Komanda sprinti və təqibetməsinin hər birində 9, fərdi sprint və keyrinin hərəsində 27, omniumda 18 yarış iştirakçısı olmaqla, 99 kişi və 90 qadın velosipedçi Rioya yollanacaq. BATI YAR |
|
Xəbər 1003 dəfə oxundu. |
|
|