“Formula-1” üzrə Avropa Qran-pri yarışlarının marşal proqramına qəbul davam edir
“Bakı Şəhər Halqası” Əməliyyat Şirkəti (BŞH) və Azərbaycan Avtomobil Federasiyası (AAF) marşal proqramına qəbulu davam etdirir. Ötən il dekabrın 17-də marşalların proqrama cəlb olunması ilə bağlı “Four Seasons” otelində keçirilmiş ilk təqdimatdan sonra Azərbaycanda fəaliyyət göstərən bir sıra şirkətlərin nümayəndələri bu proqrama böyük maraq göstəriblər. Bu marağı nəzərə alan BŞH və AAF Azərbaycanda ilk dəfə keçiriləcək “Formula-1” yarışında rol almaq və 2016-cı il Avropa Qran-prisinin marşal komandasına qoşulmaq istəyənlər üçün proqrama qeydiyyatı davam etdirir.

Maraqlananlar marshals@faa.az elektron ünvanı və (012) 404 13 83 nömrəsi vasitəsilə əlaqə saxlayaraq qeydiyyatdan keçə bilərlər.

Kampaniyanın keçirilməsində əsas məqsəd bu möhtəşəm idman tədbirinə yüksək səviyyədə hazırlaşmaq və insanlara yarışın uğurla təşkilinə töhfə vermək imkanı təmin etməkdir. Azərbaycanda və ya ölkə xaricində yaşayan 21 yaşdan yuxarı hər kəs bu proqramda iştirak edə bilər. Özəl şirkətlərdə çalışanlar da bu proqrama qoşula bilərlər.

“Formula-1” yarış həftəsonunun uğurla başa çatdıran hər bir marşal Beynəlxalq Avtomobil Federasiyasının (FİA) təsdiq etdiyi beynəlxalq lisenziyalı sertifikatla mükafatlandırılacaq. Bu sertifikat marşallara sadəcə Azərbaycanda deyil, Qran-pri yarışlarına ev sahibliyi edən digər ölkələrdə də keçiriləcək yarışlarda işləmək hüququ verəcək.

Marşal proqramına qoşulan hər kəs “Formula-1” yarış həftəsonunun təşkilatçılığında həm fərdi, həm də hər hansı bir şirkət adından kollektiv şəkildə öz töhfəsini verə bilər. Proqrama cəlb olunmuş marşallar 2016-cı il Avropa Qran-prisinin bir hissəsi olmaqla yanaşı, eyni zamanda, trekə ən yaxın yerdən “Formula-1” yarışının həyəcan və coşğusunu yaşamaq imkanına sahib olacaqlar.

Marşal proqramı ilə bağlı dekabrda verilmiş ilk elandan bu günədək 300-dək şəxs qeydiyyatdan keçib.

Xəbər 697 dəfə oxundu.