Azərbaycan gimnastı “Rio-2016”da yeni proqramla çıxış edəcək | |
Azərbaycan gimnastı Marina Durunda 2016-cı il Rio-de-Janeyro Olimpiya Oyunlarında yeni proqramla çıxış edəcək. Bunu jurnalistlərə bədii gimnastika üzrə Azərbaycan yığma komandasının baş məşqçisi Marina Vasileva deyib. Bildirib ki, Ştutqartdakı dünya çempionatından sonra bütün 4 tapşırığı dəyişdik və tamamilə yeni proqram hazırladıq. Həmçinin, qrup komandasının tərkibi dəyişdi. Heyətə Ayşən Bayramova və Zeynəb Celep daxil edilib. Start götürmüş bədii gimnastika üzrə 22-ci Azərbaycan birinciliyi və bölgələrarası kubok yarışlarını şərh edən M.Vasileva qeyd edib ki, turnir çox yüksək səviyyədə təşkil edilib. Deyib ki, turnir dünya və Avropa çempionatları səviyyəsində keçirilir. Bu il yarışlarda rekord sayda – 17 idman cəmiyyəti və klubdan 160 gimnast iştirak edir. İlk dəfə olaraq Azərbaycan gimnastika tarixində 9 regionun nümayəndələri yarışlarda iştirak edir. Birincilik çərçivəsində 32 gimnastın mübarizə aparacağı bölgələrarası kubok da oynanılacaq”. Baş məşqçinin sözlərinə görə, Azərbaycanda gimnastikanın səviyyəsi ildən-ilə artır. Yola saldığımız il bədii gimnastika üçün kifayət qədər uğurlu oldu. Marina Durunda il ərzində bizi nəticələri ilə sevindirdi. Onun Avropa Oyunlarındakı çıxışını, Minskdə Avropa çempionatında gümüş medalını və gimnastika növləri arasında Rio-de-Janeyro Olimpiadasına qazandığı ilk lisenziyasını qeyd etməliyik. Minskdə Avropa çempionatında çox gözəl çıxış edən yeniyetmə komandamızı da vurğulamaq istəyirəm, lakin komandamız dördüncü yeri tutaraq medal qazana bilmədi. Komanda bəlkə də tamaşaçıların yaddaşında ən orijinal qrup hərəkəti ilə yadda qaldı. |
|
Xəbər 892 dəfə oxundu. |
|
|