Topaz Premyer Liqası, “Qarabağ” – “Sumqayıt” görüşündə 4 qol vuruldu
Topaz Premyer Liqasının XVII turunun “Qarabağ” – “Sumqayıt” oyunu dramatik alındı. 2-2 hesabı ilə başa çatan görüşdən sonra hər iki komandanın baş məşqçisi düşüncələrini bölüşdü.

Samir Abasov (“Sumqayıt”ın baş məşqçisi): “Əks hücumlara güvənmişdik, başqa cür oynaya da bilməzdik. Görüşdən öncə deyirdilər ki, “Qarabağ”la matçda təzyiq etsək, rahat olar. Amma biz bundan öncə “İnter”ə qarşı ağır oyun keçirmişdik, bizim üçün çətinlik yaranardı. 20 dekabrda fasilə yaranmasına baxmayaraq, bir neçə oyunçumuz hələ də tam hazır deyil. Çünki bəzi futbolçular bizə gec qoşulublar. Bütün bu problemlərə baxmayaraq, oyun sona qədər istədiyimiz kimi gedirdi. Amma son dəqiqələrdə buraxılan qol bizi qələbəsiz qoydu. Buna rəğmən, “Qarabağ”la oyunda qeydə alınan heç-heçə mənim üçün qələbəyə bərabərdir”.

Qurban Qurbanov (“Qarabağ”ın baş məşqçisi): “Düşünürəm ki, çox çətin, ağır bir oyun oldu. Öz oyun üslubu ilə fərqlənən komandaya qarşı çıxış etdik. Son vaxtlar nə biz bu qədər qol epizodu yaratmışdıq, nə də rəqib bu qədər qol epizoduna imkan vermişdi. Bəlkə də oyunun ədalətli nəticəsi bərabərlik idi. Futbolçudan istədiyini ala bilməyəndə onun üzərinə getmək əvəzinə soyuqqanlılıq lazım olur. Çünki futbolçular çox yükləniblər. Mən əvvəlcədən bilirdim ki, xal itkiləri ola bilər. Yaxşı komanda ilə oyunda xal itirdik. Mən rəqib komandaya və baş məşqçi Samir Abasova uğurlar arzu edirəm”.

Xəbər 798 dəfə oxundu.