"Neftçi" PFK-nın qızlar komandası "Sumqayıt"la oyuna hazırlaşır
“Neftçi”nin 19 yaşadək qızlardan ibarət komandası U-19 Qızlar Liqasının IX turunda “Sumqayıt”la qarşılaşacaq. Komandamız bu görüşə hazırlıq çərçivəsində qızlardan ibarət Azərbaycan U-17 yığması ilə yoxlama oyunu keçirib. “Dalğa Arena”da baş tutmuş görüş 1:1 hesabı ilə nəticələnib. Komandamızın qolunu Süsən Mənsimova vurub. Oyundan sonra baş məşqçi İbrahim Məmmədov, futbolçular Ülviyyə Ağayeva və Süsən Mənsimova Neftçi TV-yə açıqlama veriblər.

İbrahim Məmmədov: “Hava şəraiti ilə əlaqədar istədiyimiz bəzi taktiki işləri görə bilmədik, oyun çətin oldu. Buna baxmayaraq, məqsədimiz ehtiyatda olan futbolçuları yoxlamaq idi ki, bunu da elədik. Normal da alındı. Əsas məqsədimiz bu həftə “Sumqayıt”la oyundan qələbə ilə qayıtmaqdır. Hədəfimiz çempionatda minimum ilk “üç-lüy”ə düşməkdir”.

Ülviyyə Ağayeva: “Bu gün nəticə vacib deyildi, bizim üçün bu həftə “Sumqayıt”la keçiriləcək oyun vacibdir. İnşallah, qələbə qazanarıq. Bu mövsümdə əsas odur ki, yaxşı yer tutaq, amma əsasən çempionluğa oynayırıq. Komandaya çox inanıram, qızlar var gücünü qoyurlar”.

Süsən Mənsimova: “Hava pis idi deyə, oyun çətin oldu. Bununla belə, məğlub olmadıq. “Sumqayıt”la oyunda məqsədimiz qələbə qazanmaqdır. Hədəfimiz çempionluqdur, “Neftçi”nin adına layiqli yerlərdə olmasıdır. Buna görə çalışırıq”.

Xəbər 843 dəfə oxundu.