Ümummilli Liderin xatirəsinə həsr olunmuş mini-futbol turnirinin qalibləri mükafatlandırılıb
Dekabrın 11-də Olimpiya İdman Növləri üzrə Təlim-Məşq Mərkəzinin stadionunda Nərimanov Rayon Gənclər və İdman İdarəsinin və “Azərbaycan Tələbə Futbol Federasiyası” İctimai Birliyinin birgə təşkilatçılığı ilə rayon ərazisində fəaliyyət göstərən ali və orta ixtisas təhsil müəssisələrinin tələbələri arasında ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr olunmuş mini-futbol üzrə rayon turnirinin final oyunu və mükafatlandırma mərasimi keçirilib.

Turnirin keçirilməsində məqsəd ümummilli lider Heydər Əliyevin xatirəsini yad etmək, gənclərin asudə vaxtının səmərəli təşkil olunması, gənclərin fiziki sağlamlığını inkişaf etdirmək və idmana olan maraqlarını daha da artırmaqdır.

On bir komandanın iştirak etdiyi yarışda Azərbaycan Kooperasiya Universitetinin kollektivi qalib adını qazanıb. Azərbaycan Turizm və Menecment Universiteti ikinci, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının komandası isə üçüncü yeri tutub.

Turnirin mükafatlandırma mərasiminindən əvvəl Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Mərasimdə çıxış edən təhsil nazirinin müavini, “Azərbaycan Tələbə Futbol Federasiyası” İctimai Birliyinin prezidenti Firudin Qurbanov, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Raqif Abbasov, Yeni Azərbaycan Partiyası Nərimanov Rayon Təşkilatının sədri Təmraz Tağıyev, Nərimanov Rayon Gənclər və İdman İdarəsinin rəisi Nəcəf Novruzov öz çıxışlarında dahi rəhbər Heydər Əliyevin misilsiz tarixi xidmətlərindən, böyük xilaskarlıq rolundan danışıblar. Ulu öndər Heydər Əliyev siyasətinin, zəngin dövlətçilik təcrübəsinin əhəmiyyətini diqqətə çatdıran natiqlər Ümummilli Liderin ideyalarının Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən əzmlə həyata keçirildiyini bildiriblər.

Xəbər 847 dəfə oxundu.