Azərbaycan taekvondoçusu Meksikada Qran-pri turnirində mübarizəyə qoşulur
Kişilərdən ibarət taekvondo üzrə Azərbaycan yığma komandası dekabrın 1-dən etibarən Meksikadadır.

Məqsəd bu ölkənin paytaxtı Mexiko şəhərində keçiriləcək Qran-pri turnirinin final mərhələsində və dünya kubokunda çıxış etməkdir.

Dekabrın 5-6-da keçiriləcək Qran-pri turnirində Azərbaycanı milli komandanın bir üzvü təmsil edəcək. Dünya və Avropa çempionu Radik İsayev (80-dan yuxarı) yarışın final mərhələsinə vəsiqəni təmin etdiyi üçün turnirdə mübarizəyə dekabrın 6-da başlayacaq.

Dekabrın 8-9-da Dünya Taekvondo Federasiyası tərəfindən təşkil ediləcək dünya kubokuna baş məşqçi Reza Mehmandoustun və böyük məşqçi Elnur Amanovun yetirmələrindən Milad Beigi Harçeqani, Səid Quliyev, Ayxan Tağızadə, Sina Bahrami, Məhəmməd Məmmədov və Radik İsayev qatılacaqlar.

ATF-nın vitse-prezidenti Niyaməddin Paşayevin rəhbərliyi ilə Mexikoya yollanan komandamız dekabrın 13-də Vətənə dönəcək.

Xəbər 725 dəfə oxundu.