«Bizim oyun fəlsəfəmiz eynidir»
Bu gün növbəti oyununu keçirəcək “Qəbələ” Azərbaycan kubokunun 2015/2016 mövsümündə mübarizəyə başlayacaq. 1/8 final mərhələsinin “Mil-Muğan”la qarşılaşması öncəsi “qırmızı-qaralar”ın futbolçusu Rikardinyo matçla bağlı fikirlərini açıqlayıb. İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, Braziliyalı legioner yalnız qələbə haqda düşündüklərini bildirib:

“Son oyunlarda qələbə qazana bilmədiyimizdən bu oyunda qalib gəlməliyik. Bunu çox istəyirəm. Uğursuz seriyaya son qoymaq şansından maksimum yararlanmağa çalışacağıq. Rəqibimizin I divizionda çıxış etməsi heç nə demək deyil. Çünki rəqibin kimliyindən asılı olmayaraq, həmin komandaya hörmətlə yanaşmalıyıq. Bu üzdən də rəqibin Premyer Liqa və ya I divizionda çıxış etməsinin fərqi yoxdur. Əgər bu komanda kubok uğrunda yarışda mübarizə aparırsa, deməli iddialı rəqibdir. Bizim oyun fəlsəfəmiz eynidir və rəqibdən asılı olaraq dəyişmir. İstər UEFA Avropa Liqasındakı rəqiblərimiz olsun, istər Premyer Liqa, istərsə də aşağı dəstə komandası. Ümid edirəm ki, oyun fəlsəfəmizə uyğun futbol sərgiləyib, qalib gələcəyik. Arxa xətdə yaxşı müdafiə olunub, hücumda effektli oynayacağıq. Bu görüşdə qol buraxmamağa, hər fürsətdə rəqib qapısına dəqiq zərbə endirməyə çalışmalıyıq”.

Rikardinyo həftəsonu Topaz Premyer Liqasının “Xəzər Lənkəran”la səfərdə keçiriləcək qarşılaşmasında da qalib gəlmək iddiasında olduqlarını bildirib: “Kubok matçında qələbə qazanıb, bunun ardını çempionatda da gətirmək istəyirik. Hər matçda olduğu kimi Premyer Liqanın növbəti matçına da 3 xal üçün çıxacağıq. İlin sonuna qədər turnir cədvəlində mümkün qədər yüksək pilləyə qalxmalıyıq. Qış fasiləsinə daha yuxarı yerlərdə yollanmalıyıq”.


Xəbər 780 dəfə oxundu.