“Formula-1” yarışlarının sonuncu 19-cu - Əbu-Dabi Qran-prisinə start verilir
Noyabrın 27-də “Formula-1” yarışlarının sonuncu 19-cu - Əbu-Dabi Qran-prisinə start verilir.

Mötəbər turnirin Əbu-Dabidəki “Yas-Marina” avtodromunda keçirilən mərhələsində hər biri iki pilotla təmsil olunan 10 komanda mübarizə aparacaq. Uzunluğu 5554 metr olan trasda keçiriləcək turnirin birinci günündə sərbəst yürüş yarışları təşkil olunacaq. Döngəərin sayı 21 olan trasda komandalar 55 dövrə edəcəklər.

Artıq Soçi Qran-prisində “Mercedes” konstruktorlar kubokunu, ABŞ mərhələsində isə britaniyalı pilot Luis Hamilton üçüncü dəfə dünya çempionluğunu, Braziliya mərhələsində isə Niko Rosberq (“Mersedes)” gümüş medalı təmin ediblər. Buna görə də Əbu-Dabi Qran-prisində əsasən üçüncü yer uğrunda gərgin mübarizə gözlənilir. Bu yer uğrunda yarışda almaniyalı pilot Sebastian Vettelin (“Ferrari”) şansı böyük qiymətləndirilir.

Turnirin təsnifat turları noyabrın 28-də, əsas yarış isə bir gün sonra keçiriləcək.

Builki çempionatın qalibi olan “Mercedes” komandasının britaniyalı pilotu Luis Hamilton 327 xalla qələbəsini bayram edib. Hazırda onun aktivində 363 xal var. O, 18 mərhələnin 10-da qalib gəlib. L.Hamilton Avstraliya, Çin, Bəhreyn, Kanada, Böyük Britaniya, Belçika, İtaliya, Yaponiya, Rusiya və ABŞ-da keçirilən yarışlarda qələbə qazanıb. “Ferrari”nin alman sürücüsü Sebastian Vettel Malayziya, Macarıstan və Sinqapur, “Mercedes”in digər pilotu almaniyalı Niko Rosberq isə İspaniya, Monako, Avstriya, Meksika və Braziliyada zəfər əldə ediblər.

“Formula-1” yarışları il ərzində müxtəlif ölkələrdə keçirilən mərhələlərdən ibarət olur. Hər mərhələyə Qran-pri adı verilir. İlin sonunda bütün Qran-prilərdən toplanan xalların əsasında pilotlar və komandalar arasında qalib müəyyən edilir və mükafatlandırılır.

1950-ci ildə keçirilən ilk yarışda “Alfa Romeo” komandası və onun italiyalı pilotu Cüzeppe Farina qələbə qazanıb. Sonuncu mövsümdə (2014-cü il) çempion “Mercedes” komandası ilə britaniyalı pilot Luis Hamilton olub. Ən çox çempion adını “Ferrari” komandasının əfsanəvi alman pilotu Mihael Şumaxer qazanıb. O, 7 dəfə bu titulun sahibi olub.

“Formula-1” yarışlarının Bakı Qran-prisi gələn il iyunun 19-da keçiriləcək.

AZƏRTAC

Xəbər 738 dəfə oxundu.