Azərbaycan idmançısı ağır atletika üzrə dünya çempionatında iki dünya rekordu müəyyən edib | |
Azərbaycan təmsilçisi Boyanka Kostova Hyustonda (ABŞ) keçirilən ağır atletika üzrə dünya çempionatında qızıl medal qazanıb. Turnirdə 58 kiloqram çəki dərəcəsində çıxış edən B.Kostova 37 idmançı arasında qələbə qazanıb. İki hərəkətin yekununda idmançımız 252 kiloqramlıq çəkini qaldıraraq dünya rekordu müəyyənləşdirib. İdmançımız birdən qaldırmada 112 (bundan əvvəlki göstərici 111 kq), təkanla qaldırmada 140 kiloqramlıq nəticə göstərib. B.Kostova ikinci yeri tutan Çin idmançısı Menqronq Denqi 7 kiloqram qabaqlayıb. Beləliklə, idmançımız birdən qaldırma və hər iki hərəkətin cəmi üzrə göstərdiyi nəticə ilə iki dünya rekorduna nail olub. Bu çəki dərəcəsində əvvəlki dünya rekordunu 2006-ci ilin dekabrında Qətərin paytaxtı Dohada keçirilən Asiya Oyunlarında çinli Çen Yanıtsin müəyyən etmişdi. Hyustonda keçirilən dünya çempionatında B.Kostova ümumilikdə üç qızıl medal qazanıb. İdmançımız birdən qaldırma (112 kq), təkanla qaldırma (140 kq) və hər iki hərəkətin cəmi üzrə bu medallara sahib olub. Bu, Azərbaycan yığmasının qadınlar arasında ağır atletika üzrə dünya çempionatları tarixində ilk qızıl medalıdır. Hyustonda keçirilən dünya çempionatında kişilərin mübarizəsində isə Azərbaycan təmsilçisi Valentin Xristov (62 kq) bürünc medala layiq görülüb. AZERTAC |
|
Xəbər 837 dəfə oxundu. |
|
|