Mustafa Dənizli “Qalatasaray”da
Türkiyə çempionu “Qalatasaray” futbol komandasına yeni baş məşqçi təyin olunub.

Rəsmi açıqlama klubun prezidenti Dursun Özbəklə Mustafa Dənizli arasında keçirilən görüşdən sonra verilib. Məlum olub ki, danışıqlar uğurla tamamlanıb.

İlkin razılığın əldə olunduğunu bildirən D.Özbək rəsmi müqavilənin yaxın bir neçə günə imzalanacağını deyib.

Məlumat üçün qeyd edək ki, Mustafa Dənizli baş məşqçi karyerasına elə sözügedən klubda başlayıb və artıq bununla üçüncü dəfə “Qalatasaray”ın sükanı arxasına keçəcək.

Altımış altı yaşlı mütəxəssis isə təəssüratlarını belə bölüşüb: “Baş məşqçilik karyerama “Qalatasaray”dan başlamışam və bununla qürur duyuram. Yenidən məsuliyyətli bir vəzifəyə qədəm qoyuram. Məşqçi karyerama ilk dəfə start verdiyim illərdəki həyəcanım necə var idisə, bu gün bəlkə də birqat daha çoxdur”.

Mütəxəssis 1987-1989 və 1990-1992-ci illərdə də “sarı-qırmızılar”ı çalışdırıb. Türkiyə futbol tarixinə adını qızıl hərflərlə yazdıran M.Dənizli “Beşiktaş”, “Qalatasaray” və “Fənərbağça” ilə çempionluq sevinci yaşayıb. Azərbaycanda da yaxından tanınan türkiyəlı çalışdırıcı 2013-cü ilin noyabrından 2014-cü ilin mayınadək “Xəzər-Lənkəran” klubunda da baş məşqçi kimi fəaliyyət göstərib.

Xəbər 863 dəfə oxundu.