Ceyhun Sultanov: “Mən limitin azaldılmasının tərəfdarıyam” - MÜSAHİBƏ | |
“Kəpəz” klubunun yarımmüdafiəçisi Ceyhun Sultanov azerisport.az saytına müsahibə verib. İdman.com.az saytının məlumatına görə, həmkarımızla söhbətbə, təcrübəli futbolçu Türkiyə toplanışından danışıb, ölkə çempionatında ilk “altılığ”a düşmək imkanlarını dəyərləndirib: - Toplanış necə keçdi? - Hər şey yaxşı alındı. Üç yoxlama oyunu keçirdik, ikisini qazandıq. İki qol vurdum. Odur ki, razıyam. - “Atırau” və “Qurnik”ə qalib gəldiyiniz halda, Moskva “Spartak”ının gəncləri ilə bacarmadınız... - Siz inanmazsız ki, o gənclər necə sürətli oyun göstərirdilər. Biz onlarla ayaqlaşa bilmirdik. - “Kəpəz”in heyətinə baxanda, yalnız bir yeni futbolçu görmək olar – İvan Arabacı... - Moldovalı futbolçu özünü yaxşı tərəfdən göstərməyi bacardı. Ola bilsin ki, bizə qoşulsun. Son söz baş məşqçinindir. - Yeri gəlmişkən, bunu necə izah edərdiniz? Digər iddialı Azərbaycan klubları Antalyada çox uğursuz çıxış etdiyi halda, 10-cu yerdə gedən “Kəpəz” daha yaxşı oyun keçirdi, nəticələr qazandı... - Komandamız artıq qələbə qazanmağa başlayıb. Özü də biz elə meydançalarda oynayırdıq ki, söz ola bilməzdi. Əfsuslar olsun ki, Azərbaycanda belə meydançalar yoxdur. - “Kəpəz”in bir ay öncə dağılması gündəmdə idi... - Bütün problemlər həllini tapıb. Maaşlarımızı vaxtında alırıq. Klubun heç bir futbolçuya borcu yoxdur. Hamı artıq komandanın ölkə çempionatındakı çıxışını davam etdirəcəyini bilir. Bizim üçün əsas problem odu ki, komanda ilk altılığa düşə bilməyəcək. Fərq çox böyükdü və bu üzdən artıq növbəti mövsümü düşünmək olar. - Sizcə, ilk altılığa hansı komandalar düşəcəklər? - “Neftçi”, “İnter”, “Xəzər Lənkəran”, “Qarabağ” və “Bakı” ilk altılıqdadır. Sual altında qalan “Qəbələ” və AZAL-dır. “Simurq”la bizim də şansımız vardı. Amma bunu əldən verdik. “Kəpəz” elə oyunlarda xallar itirdi ki, indi heç o haqda düşünmək də istəmirsən. - Sizin iş yerinizi dəyişmək variantınız olsa da, qalmağa üstünlük verdiniz... - Mən həmişə komandam haqda düşünmüşəm. Müqaviləmin başa çatmasına altı ay qalır. Komandanı tərk etməyə də hazırlaşmıram. Sadəcə, “Kəpəz” fəaliyyətini dayandırmaq istəyəndə, digər komandalardan biriylə danışıqlarımız oldu. Futbolsuz qalmaq istəmirdim. Sizə düzünü deyim: yalnız AzAL-la danışıqlar aparırdım. Amma heç müqavilənin detallarını da razılaşdırmamışdıq. Az sonra “Kəpəz”in yaşayacağı məlum oldu və hər şey elə də qaldı. Yayda ola bilər ki, klubu tərk edim. - Bakıya qayıtmaq istəyirsiz? Gəncədə oynamaq çətindir? - Gəncədə oynamaq xoşdur. Futbolçuların əksəri Bakıda yaşamaq, oynamaq istəyirlər. Amma Gəncədə tam fərqli atmosfer var. Burda komandanı dəstəkləyirlər, çoxlu azarkeşimiz var. Azarkeşlər daim stadiona gəlirlər, bizi dəstəksiz qoymurlar. Nə vaxt qələbə qazanırıq, tərifləyirlər, məğlub oluruq, tənqid edirlər. Bu dəstək əksər klublarımzda yoxdur. Klubumu dəyişməyə gəlincə, mən həmişə qarşısına yüksək hədəflər qoyan komandalarda oynamaq istəmişəm. Çempionluq, kubok, avrokuboklara vəsiqə uğrunda mübarizə aparmışam. İndi ikinci altılıqda oynayacağımı düşünəndə mənə ağır gəlir. Çünki orda heç bir intriqa yoxdu. Belə oyunlara psixoloji cəhətdən də hazırlaşmaq çox çətindir. - Legioner limiti barədə gedən müzakirələrə münasibətiniz necədi? - Mən limitin azaldılmasının tərəfdarıyam. Qoy öncə 7+4 olsun, sonra da 6+5 edərik. Əksər klublarımız puldan reklam kimi istifadə edirlər. Qoy 16-17 yaşlı uşaqlarımız oynasınlar. Axı, bizim gələcəyimiz onlardı. Klublarımız onlarla indi uduza bilərlər, amma gələcəkdə etibarlı əldə olacaqlar. Amma Azərbaycana sadəcə adı qalmış legionerləri gətirirlər, onlardan da bir fayda yox. Çoxları bir mövsüm oynayır, ikinci mövsüm qiymətini artırmaq istəyir. - Amma bizə yaxşı legionerlər də gəlir... - Mənə daha çox Flavinyu və Parksın oyunu xoşdur. Jaba sadəcə bir mövsüm oynadı. Emil Mpenzanın transferi sırf reklam xarakterli idi. İndi Azərbaycanı bütün dünyada tanıyırlar. Bizə reklam yox, futbol lazımdır. |
|
Xəbər 1298 dəfə oxundu. |
|
|