Şahmatçılarımız Avropa çempionatının yeddinci turunda heç-heçəyə razılaşıblar
Reykyavikdə şahmat üzrə komandalar arasında Avropa çempionatında yeddinci turun görüşləri keçirilib.

Azərbaycanın hər iki komandası qara fiqurlarla oynadığı qarşılaşmalardan sülh ilə ayrılıblar.

Latviya ilə oyunda kişilərdən ibarət yığmamızın üzvlərindən Şəhriyar Məmmədyarov Aleksey Şirovdan güclü olub. Teymur Rəcəbov İqor Kovalenkoya uduzub. Arkadi Naydiç Artur Neyksan, Rauf Məmmədov isə Tom Kantanla bərabərə qalıblar. Bu nəticədən sonra hesabındakı xalların sayını 10-a çatdıran Azərbaycan millisi üçüncü yerdəki mövqeyini qoruyub. Rusiya 13 xalla birinci, Fransa isə 10 xalla ikincidir.

Komandamızın növbəti rəqibi eyni xala malik Macarıstan yığması olacaq. Aleksandr Halifmanın kapitanı olduğu millimiz bu turda ağ fiqurlarla oynayacaq.

Ermənistan yığması ilə qarşılaşmada isə Zeynəb Məmmədyarova Elina Danielyanı məğlub edib. Əvəzində Gülnar Məmmədova Lilit Mkrtçyana uduzub. Nərmin Kazımova Lilit Qaloyan, Ülviyyə Fətəliyeva isə Mariya Kursova ilə xalları bölüb. Hesabında 7 xal olan Azərbaycan millisi 16-cı pillədə qərarlaşıb. Səkkizinci turda qara fiqurlarla oynayacaq Fikrət Sideifzadənin komandasının rəqibi Yunanıstan millisi olacaq.

Qeyd edək ki, Avropa çempionatı noyabrın 22-də başa çatacaq.

Xəbər 888 dəfə oxundu.