Mərkəzi arena martda hazır olacaq
Tofiq Bəhramov adına Respublika stadionunda tribunaların üstünün örtülməsinə başlanılıb. İdman.com.az saytı xəbər verir ki, bu barədə lent.az-a arenanın direktoru Akif İsmayılov məlumat verib. Onun sözünə görə, stadionun üstü dairəvi örtüklə əhatə olunacaq. Bu məqsədlə hər tərəfdən tribunalar qaldırılaraq bərabər səviyyəyə çatdırılacaq.

Tablo istiqamətindəki tribunalar isə böyüdüləcək. Onların arasında yer alacaq mətbuat sektoru yuxarı mərtəbəyə qaldırılacaq. Artıq çəkilişlər də əvvəlki kimi əsas tribuna tərəfdən yox, əks istiqamətdən aparılacaq. Bununla əlaqədar diktor kabinələri tablo istiqamətindəki sektora köçürüləcək. Stadionun əsas sektorunda isə açıq və 14 ədəd qapalı VİP kabinələr olacaq.

İsmayılov bildirib ki, qarlı hava şəraiti görülən işlərə elə də təsir etməyib. Yalnız bir günlük fasilədən sonra işlər axarına düşüb. Stadionun martın 30-da təhvil verilməsi nəzərdə tutulub. Lakin həmin vaxt meydançanın örtüyü ot yox, asfaltdan olacaq. Bu isə arenanın Eurovision-2012-yə «B» planı kimi nəzərdə tutulması ilə əlaqədardır:

«Düzdür, beynəlxalq mahnı müsabiqəsinin «Crystal Palace»də keçiriləcəyi rəsmən açıqlanıb. Lakin qaydalara əsasən, təşkilatçı ölkənin «B» planı da olmalıdır. Ona görə də bizim stadion ehtiyat variant statusunu hələ itirməyib. Hazırda arenamızın meydança hissəsi səhnə qismində asfaltlanıb. Eurovision-2012-nin respublika stadionunda keçirilməyəcəyi barədə bizə qəti söz deyilsə, asfalt söküləcək və onun yerinə Azərbaycanın münasib ərazisində əkilmiş ot örtüyü rulon formasında gətirilərək, səriləcək. Bu, mayadək həllini tapmalıdır».

Direktor 17 yaşadək qızlar arasında dünya çempionatının açılış mərasiminin sentyabrın 22-də Respublika stadionunda baş tutacağını da əlavə edib.

Xəbər 1133 dəfə oxundu.