Azərbaycan şahmatçıları Dortmund superturnirinə vəsiqə uğrunda mübarizə aparacaqlar
Azərbaycan şahmatçılarının iştirakı ilə ənənəvi “Aeroflot Open-2016” beynəlxalq festival fevralın 29-dan martın 11-dək Moskvanın “Kosmos” mehmanxanasında keçiriləcək.

Festival çərçivəsində klassik şahmat üzrə turnirlər üç qrupda - A (2549-dan çox reytinq), B (2550-dən aşağı, 2299-dan yuxarı) və C (reytinq 2300-dən aşağı və ya reytinqsiz) keçiriləcək.

Əsas turnirin qalibi Dortmundda superturnirə vəsiqə qazanacaq.

Martın 10-da “Aeroflot” kuboku uğrunda blitsturnir keçiriləcək.

Ümumi mükafat fondu 140 min avro təşkil edir.

Qeyd edək ki, “Aeroflot Open”in əvvəlki turnirlərində azərbaycanlı şahmatçılardan beynəlxalq qrossmeysterlər Vüqar Həşimov, Şəhriyar və Zeynəb Məmmədyarovlar, Rauf Məmmədov, Vasif Durarbəyli, Teymur Rəcəbov, Qadir Hüseynov, Eltac Səfərli və başqaları iştirak ediblər.

Turnirdə veteranlar, qadınlar və yuniorlar arasında (cəmi 2500 avro məbləğinə) ən yaxşı nəticələrə görə xüsusi mükafatlar müəyyən olunub. Hər iştirakçı ancaq bir (ən yüksək) mükafat ala biləcək.

Turnirin təşkilatçıları “Aeroflot Rusiya Hava yolları” ASC, Rusiya Şahmat Federasiyası və Şahmat Federasiyaları Assosiasiyasıdır.

Xəbər 678 dəfə oxundu.