Avropa çempionatında yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub
Bratislavada gənclər arasında cüdo üzrə Avropa birinciliyi keçirilir.

Yarışın ilk günü Azərbaycan cüdoçuları üçün uğurlu olub.

Turnirdə 60 kiloqram çəki dərəcəsində mübarizə aparan cüdoçumuz Davud Məmmədov qitə birinciliyində ilk görüşünü Kipr nümayəndəsi İrodotos Kelpisə qarşı keçirib. Rəqibini məğlub edən cüdoçumuz daha sonra rusiyalı Savva Karakizidi, italiyalı Karmin di Lorento və bolqarıstanlı Denislav İvanova qalib gələrək finala çıxıb. D.Məmmədov Avropa çempionatının qızıl medalı uğrunda rusiyalı İslam Yaşuev ilə qarşılaşıb. Finalda rusiyalı atletə məğlub olan cüdoçumuz gümüş medal qazanıb.

Qitə birinciliyində 66 kiloqram çəki dərəcəsində iki cüdoçumuz bürünc medal uğrunda mübarizə aparıb. Rəşad Rufullayev və Telman Vəliyev öz aralarındakı görüşdə 3-cü yerin sahibini müəyyənləşdirib. Bu dueldən T.Vəliyev qalib ayrılıb. Qeyd edək ki, T.Vəliyev ilk görüşdə Litva təmsilçisi, erməni əsilli cüdoçu Teqran Qalustyanı udaraq yarışdan kənarlaşdırıb.

Daha bir cüdoçumuz da Slovakiyada bürünc medal uğrunda görüşə vəsiqə qazanıb. Qızlar arasında 48 kiloqram çəki dərəcəsində mübarizə aparan Leyla Əliyeva medal qazanmaq üçün ispaniyalı Sinta Qarsiya ilə görüşüb. Qızıl xal uğrunda mübarizədə xəbərdarlıq alan L.Əliyeva çempionatı beşinci yerdə başa vurub.

Xəbər 776 dəfə oxundu.