Bəhreyn Motoidman Federasiyası ilə "Formula 1" yarışları üçün əməkdaşlıq sazişi imzalanıb
Bəhreyn Motoidman Federasiyası və Bəhreyn Marşallar klubunu təmsil edən mütəxəssis qrupu gələn ilin yayında "Formula 1" üzrə Avropa Qran Prisinə ev sahibliyi edəcək Bakıda səfərdə olub. Yarışın Azərbaycandakı rəsmi promouteri Bakı Şəhər Halqası və Bəhreyn Motoidman Federasiyası arasında yarışın təşkilati məsələlərlə bağlı əməkdaşlıq sazişi imzalanıb.

Əməkdaşlığı dəstəkləyən Azərbaycan Avtomobil Federasiyası (AAF) yarış zamanı trek ətrafında cərəyan edəcək idman əməliyyatlarının təşkilini həyata keçirəcək. Saziş pilotların həyat təhlükəsizliyi və şəhər halqası boyu ümumi təhlükəsizlik tədbirlərini əhatə edən yanğınsöndürmə, xilasetmə, tibbi yardım, evakuasiya və s. kimi yarış əməliyyatlarının səlist, kəsintisiz aparılması, bilavasitə bu əməliyyatları həyata keçirən xüsusi marşallar qrupunun cəlb olunması və müvafiq təlimlərin aparılmasını özündə əks etdirən çərçivə sənədindən ibarətdir.

Bu əməliyyatlar üzrə bilavasitə məsul olan Bəhreyn nümayəndələri Bakı Şəhər Halqası və AAF nümayəndələri ilə birlikdə şəhər trasını gəzərək onun hər bir hissəsini yaxından öyrənib, marşalların trek üzrə paylanması üçün müvafiq məkanları müəyyən ediblər. Bu marşallar trek boyu hərəkət edən sürücülərə lazımi komanda və ismarıcları çatdırmaq üçün istifadə olunan xüsusi bayraqlarla təmin olunacaqlar.
Bakı Şəhər Halqasının baş icraçı direktoru Arif Rəhimov bildirib ki, yarışı televiziya vasitəsilə 500 milyondan çox tamaşaçı izləyəcək və bu Qran Pri "Formula 1"in ən sürətli şəhər treki olacaq: "Bəhreyn Motoidman Federasiyası yarış təşkilatçılığı və idman əməliyyatlarının effektiv təşkili üzrə dünya standartına imza atıb və bizim komandamız bu standarta tam cavab vermək niyyətindədir".

Qeyd edək ki, uzunluğu 6 km-dən bir qədər artıq olan "Bakı Şəhər Halqası" trasın uzunluğuna görə dünyada ikincidir. Yarış zamanı "Formula 1" avtomobilləri Bakının UNESCO Ümumdünya İrsi siyahısına daxil olan İçəri-şəhər tarixi-memarlıq qoruğu, şəhərin müasir göydələnləri və Xəzərin sahilboyu hissəsini görəcəklər.

Xəbər 614 dəfə oxundu.