2015-ci il üçün Beynəlxalq və Avropa Fair Play mükafatları Bakıda təqdim edildi | |
Bakı Biznes Mərkəzində dünya “Fair Play” mükafatlarının təqdim edilməsi mərasimi keçirilib. Tədbirdə gənclər və idman naziri Azad Rəhimov, Beynəlxalq “Fair Play” Komitəsinin prezidenti Jeno Kamyuti, Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer və digər şəxslər iştirak ediblər. Mərasimdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov oktyabrın 7-dən 11-dək ölkəmizdə Avropa “Fair Play” Hərəkatının (EFPM) və Beynəlxalq “Fair Play” Komitəsinin (CIFP) birgə konqresinin uğurla keçirildiyini qeyd edərək qonaqlara uğurlar arzulayıb. A.Rəhimov, həmçinin dünya və Avropa “Fair Play” mükafatlarına layiq görülən şəxslərə təbriklərini çatdırıb. Avropa “Fair Play” Hərəkatının prezidenti Kristian Hinterberqer nazir Azad Rəhimova EFPM-in xüsusi mükafatını təqdim edib. Həmçinin EFPM və CİFP prezidentlərinə Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin plaketləri təqdim olunub. Mərasimdə Avropa “Fair Play” Hərəkatının, Beynəlxalq “Fair Play” Komitəsinin və Beynəlxalq İdman Mətbuatı Assosiasiyası Avropa təşkilatının mükafatları da müxtəlif nominasiyalar üzrə qaliblərə təqdim edilib. Tədbirdə, həmçinin Azərbaycan Milli Olimpiya Komitəsinin Ədalətli Oyunlar Komissiyasının idman təşkilatları arasında apardığı sorğunun nəticərinə görə qaliblər elan edilib və mükafatlandırılıblar. Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti, Ədalətli Oyunlar Komissiyasının sədri Xəzər İsayev bu sahədəki xidmətlərinə görə beynəlxalq mükafata layiq görülüb. Ədalətli oyun prinsiplərinə sadiq idman xadimi nominasiyasında Azərbaycan Taekvondo və Boks federasiyalarının prezidenti Kəmaləddin Heydərov, ədalətli oyun prinsiplərinin təbliğatçısı nominasiyasında isə “İdman” qəzetinin baş redaktoru, əməkdar jurnalist Qabil Mehdiyev fərqləniblər. Ədalətli oyun prinsiplərinə sadiq hakim, məşqçi və idmançı nominasiyalarında isə müvafiq olaraq beynəlxalq dərəcəli hakim Nərgiz Mehdiyeva, məşqçi Rəhman Hətəmov və yunan-Roma güləşçisi Rəsul Cunayev mükafatlandırılıblar. Mərasimdə, həmçinin Türkiyə, Rusiya və Azərbaycanın ədalətli oyunlar komissiyalarının xüsusi mükafatları da təqdim edilib. |
|
Xəbər 1342 dəfə oxundu. |
|
|