Daha bir ağır atletimiz Avropa çempionu olub
“Zirvə” idman klubunun idmançıları Litvanın Klaypeda şəhərində yeniyetmələr və 23 yaşadək idmançılar arasında keçirilən ağır atletika üzrə Avropa çempionatında daha bir medal qazanıblar. Dadaş Dadaşbəyli Avropa çempionu adını qazanaraq Firudin Quliyevin və Anastasiya İbrahimlinin uğurlarını təkrarlayıb.

Dadaş Dadaşbəyli (105 kq) yeniyetmələr arasında yarışda birdən qaldırma hərəkətində hər üç cəhddə uğur qazanıb. O, 165, 170 və 176 kiloqramlıq çəkini başı üzərinə qaldıraraq qızıl medala sahib olub.

Təkanla qaldırmada da fərqlənən D.Dadaşbəyli ilk cəhddə 200 kiloqramı ram edib. Bu nəticə ona toplamda Avropa çempionluğu üçün yetərli olub. İkinci yanaşmasında 206 kiloqramı başı üzərinə rahatlıqla qaldıran atletimiz həm də təkanla qaldırma hərəkətində qızıl medal qazanıb.

Beləliklə, toplamda 382 kiloqram (176+206) nəticə göstərən Dadaş Dadaşbəyli yekun sıralamada Avropa çempionu adını qazanıb. Atletimiz bunadək yeniyetmələr və gənclər arasında Avropa birinciliklərinin gümüş mükafatçısı, Azərbaycan çempionu, “Zirvə Kuboku”nun sahibi və “Zirvə” İdman Klubunun dünya çempionatının üçqat qalibi idi.

Xəbər 714 dəfə oxundu.