Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının birgə konqresində 28 məruzə dinləniləcək
Oktyabrın 8-dən 11-dək Bakıda keçiriləcək Avropa və Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının birgə konqresində, Avropa Ədalətli Oyunlar Hərəkatının (AƏOH) 21-ci Baş Assambleyasında və Dünya Ədalətli Oyunlar üzrə mükafatlandırma mərasimində 80-dək idman mütəxəssisi iştirak edəcək. Konqres iştirakçılarına 28 məruzə təqdim olunacaq. Məruzələrin mövzusu yerli və beynəlxalq mütəxəssislər tərəfindən hazırlanıb. Dünya Ədalətli Oyunlar üzrə mükafatlandırma mərasiminin də Bakıda təşkil olunması çox əlamətdar hadisədir. İdmançıların namizədliyi AƏOH və Avropa Olimpiya Komitəsinin birgə razılığı ilə irəli sürülür və seçilir.

Bu fikirləri AƏOH-nın prezidenti Kristian Hinterberqer mötəbər tədbirlərlə bağlı oktyabrın 7-də təşkil olunan mətbuat konfransında deyib.

Ədalətli oyunlar prinsipinə əsaslanan tədbirlərin Azərbaycanda təşkil olunmasını tarixi hadisə kimi dəyərləndirən Kristian Hinterberqer konqresdə maraqlı mövzuların müzakirə olunacağını diqqətə çatdırıb. Cari ilin iyununda Azərbaycanın birinci Avropa Oyunlarına yüksək səviyyədə ev sahibliyi etdiyini vurğulayan AƏOH prezidenti “Bakı-2015” zamanı ədalətli oyunlar prinsipinə əsaslanan məqamların kifayət qədər çox olduğunu diqqətə çatdırıb. H,Hinterberqer deyib: “Buna ilk Avropa Oyunlarının sambo və batut üzərindən tullanma yarışlarını misal göstərmək olar. “Bakı-2015” kimi mötəbər yarışdan sonra Azərbaycanın ədalətli oyunlara həsr olunmuş tədbirlərə ev sahibliyi etməsini yüksək qiymətləndirirəm. İnanıram ki, Bakıda keçirilən digər tədbirlər kimi, konqres də yüksək səviyyədə təşkil olunacaq”.

Ardıcıl 5 Olimpiya Oyunlarında iştirak etdiyini diqqətə çatdıran Beynəlxalq Ədalətli Oyunlar Hərəkatının rəhbəri Enye Kamuti birinci Avropa Oyunlarının yeni standartlar müəyyənləşdirdiyini diqqətə çatdırıb. O vurğulayıb ki, “Bakı-2015” Olimpiya Oyunları ilə eyni, bəzi məqamlarda isə daha yüksək səviyyədə keçirilməsi ilə yadda qaldı. Bakıda təşkil olunan qitə Oyunları bütün dünyanın idman nəbzinin Azərbaycanda döyünməsinə şərait yaratdı və diqqəti paytaxtınıza yönəltdi.

Rəhbərlik etdiyi qurum haqqında məlumat verən Y.Kamuti Dünya Ədalətli Oyunlar üzrə mükafatlandırma mərasimində könüllülərin yer almasının vacibliyini diqqətə çatdırıb. Deyib ki, könüllülərin iştirakı olmadan heç bir irimiqyaslı yarışı təşkil etmək mümkün deyil. Məhz bu baxımdan könüllülərin əməyi layiqincə dəyərləndirilməlidir. O, bununla əlaqədar müəyyən qurumlara, o cümlədən Avropa Olimpiya Komitəsinə də müraciət etdiyini bildirib.

Konqresin əsas mövzusunun “Rəqabətli idmanda ədalətli oyun – real və ya ideal” olduğunu qeyd edən tədbirin Təşkilat Komitəsinin nümayəndəsi Səlhət Abbasova deyib ki, ilk Avropa Oyunlarından sonra belə mötəbər yarışın Azərbaycanda keçirilməsi ölkəmizə olan böyük maraqdan xəbər verir. O vurğulayıb ki, konqres zamanı dinləniləcək 28 məruzədən 8-ni yerli mütəxəssislər təqdim edəcək. Həmçinin tədbirdə Olimpiya və Ədalətli Oyun dəyərlərinin qorunmasında dövlətin və qeyri-hökumət idman təşkilatlarının əməkdaşlığı və məsuliyyəti, korrupsiyaya, saxta və ümidsiz matçlara qarşı mübarizə, idman dəyərlərinin və etikasının qorunmasında formal və qeyri-formal təhsilin rolu mövzusunda müzakirələr aparılacaq.

Sonda jurnalistlərin sualları cavablandırılıb.

Xəbər 637 dəfə oxundu.