Triatlon Federasiyasında yeni vitse-prezident
Azərbaycan Triatlon Federasiyasında hesabat-seçki konfransından sonra İcraiyyə Komitəsinin ilk toplantısı keçirilib.

İclasda federasiya prezidenti Azər Məhərrəmov ilin yekunları barədə danışaraq söyləyib: “İdman nəticələri və fəaliyyətimiz baxımından il çox uğurlu oldu. İlk olaraq Avropa Oyunlarında qazandığımız nəticəni qeyd etməliyəm. Triatlonçu Rostislav Pevtsov bürünc medal qazanmaqla bizlərə sevinc bəxş etdi. Qeyd etmək istərdim ki, Pevtsovun nəticələrini yaxşılaşdırmaqda davam edir. Cari il Pevtsov Hurqadedə baş tutan Afrikanın Açıq Çempionatında qələbə qazanıb, Çində keçirilən Dünya Kubokunda gümüş medala layiq görülüb. Uğurlarının zirvəsi isə Çikaqodakı Dünya Seriyasının finalındakı çıxışı oldu. Həmin mötəbər yarışda Pevtsov 11-ci yeri tutdu”.

Azər Məhərrəmov söylədi ki, Rostislav gələn il keçiriləcək Yay Olimpiya Oyunlarına lisenziyanı artıq təmin edib: “İdmançımız dünya reytinqində yüksək pillədə qərarlaşıb. Buna görə də Rio-ya vəsiqəni demək olar ki, qazanıb. Bu isə o deməkdir ki, Azərbaycan idman tarixində ilk dəfə olimpiadada triathlon növündə təmsil olunacaq. Seçmə mərhələnin sonunu gözləmək lazımdır. O zaman əminliklə Pevtsovun lisenziyası haqda danışmaq mümkün olacaq”.

ATF-nın prezidenti həm də gənclərdən ibarət komandanın nəticələrindan razılıq bildirdi: “Əsas komandayla yanaşı gənclərimiz də yaxşı nəticələr əldə edir. Bu mənada Darina Moskalenkonun adını çəkmək istəyirəm. Moskalenko Rumıniyada keçirilən Avropa Kubokunda bürünc medal qazanmaqla ümidlərimi doğrultdu”.

Azər Məhərrəmovun sözlərinə görə federasiyada üç istiqamətdə işlər aparılır. Əsas komandayla yanaşı gənclərin inkişafı və triatlonun təbliği sahəsində planlaşdırılan işlər tezliklə nəticəsini göstərəcək.

İclasda triatlon üzrə ilk açıq Azərbaycan çempionatının keçirilməsi müzakirə olunub. Bildirilib ki, yarış azarkeşlərdə triatlona marağı artıracaq və gənclərə idmanın bu növüylə daha yaxından tanış olmağa imkan verəcək.

Azərbaycan Triatlon Federasiyasının təşəbbüsüylə “BakuTriClub” adlı ilk rəsmi triatlon klubu yaradılıb. Yeni yaradılan klub Avropa Triatlon İttifaqının klub yarışlarında Azərbaycanın şərəfini qoruyacaq.

Tədbirin sonunda icrakom üzvlərinin yekdil qərarına əsasən Rüstəm İbrahimov federasiyasını vitse-prezident postuna seçilib. Cavad Axundzadə növbəti müddətə baş katib vəzifəsinə təsdiq olunub.

Xəbər 762 dəfə oxundu.