“Qəbələ” komandasının baş məşqçisi: “Avroliqada Rusiya klubuna qarşı oyuna yaxşı hazırlaşmışıq”
Avroliqada Rusiya klubu ilə səfərdə keçirəcəyimiz oyuna yaxşı hazırlaşmışıq. Vacib oyundan əvvəl komandadakı əhval-ruhiyyə də yüksək səviyyədədir. “Krasnodar” baxımlı, yaxşı futbol nümayiş etdirir. Matç ərzində çox az top itkisinə yol verir. Hücum potensialı böyük olan rəqibimizin yaxşı imkanları var. Çox sürətli və cəld oynayırlar. “Krasnodar”ın çox güclü baş məşqçisi var.

Bu sözləri UEFA Avropa Liqasının qrup mərhələsinin ikinci turunda “Krasnodar” (Rusiya) – “Qəbələ” oyunundan əvvəl komandamızın baş məşqçisi Roman Qriqorçuk keçirdiyi mətbuat konfransında deyib.

Ukraynalı mütəxəssis bildirib: “Oleq Kononovun rəhbərlik etdiyi komanda məzmunlu, konkret və dəqiq oyun nümayiş etdirir. Bütün bunlar da vacib amillərdəndir. Buna baxmayaraq, biz də istənilən rəqibə qarşı matça hazır olduğumuzu bir neçə dəfə göstərmişik. “Krasnodar”ı da yaxşı təhlil etmişik. Çox güclü komandaya qarşı oynayacağımız üçün çətin qarşılaşma olacaq. “Krasnodar”la qarşılaşmada düzgün və ağıllı oynamalıyıq. Bu, çox vacibdir. Təbii ki, müəyyən addımlar da rəqibə uyğun olaraq atılacaq”.

Komandamız oyundan əvvəl görüşün keçiriləcəyi “Kuban” stadionunda son məşqinə də çıxıb.

Xəbər 743 dəfə oxundu.