Şahmat üzrə dünya kubokunun iştirakçıları “Qala” kompleksi və “Atəşgah məbədi” qoruğu ilə tanış olublar
Bakıda keçirilən şahmat üzrə dünya kubokunun iştirakçılarının Azərbaycanın tarixi-mədəni abidələri ilə tanışlıq turu təşkil edilib.

Turnirdə yarımfinala vəsiqə qazanan şahmatçılar, onların məşqçiləri, əcnəbi hakimlər və jurnalistlər istirahət günündə Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi və “Atəşgah məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar.

Qonaqlar əvvəlcə “Qala” kompleksi ilə tanış olublar. Onlara Qala Arxeoloji-Etnoqrafik Muzey Kompleksi, burada saxlanılan əşyalar, eksponatların tarixi, qədim dövrdə insanların həyat şəraiti haqqında ətraflı məlumat verilib. “Qala” kompleksində gənclər qayaüstü rəsmlər, orta əsr keramikası, məişət və bəzək əşyaları, silah və sikkələrlə, orta əsrlərdə istifadə edilən çəki vahidləri ilə tanış olub, ibtidai yaşayış sahələrini, müxtəlif emalatxanaları gəzmək imkanı əldə ediblər.

Sonra dünya kubokunun iştirakçıları “Atəşgah Məbədi” Dövlət Tarix-Memarlıq Qoruğu ilə tanış olublar. Məlumat verilib ki, qədim dövrlərə aid atəşpərəst məbədinin qalıqları üzərində XVII-XVIII əsrlərdə inşa olunmuş və UNESCO-nun “Dünya irsinin ilkin siyahısı”na daxil edilən “Atəşgah Məbədi”nin Azərbaycanın maddi-mədəniyyət abidələri sırasında özünəməxsus yeri var. Azərbaycan Prezidentinin Sərəncamı ilə 2007-ci ildən Mədəniyyət və Turizm Nazirliyinin tabeliyinə verilən qoruqda Heydər Əliyev Fondunun dəstəyi ilə 2012-ci ilin sentyabrından başlayaraq məbədətrafı ərazilərin abadlaşdırılması, yardımçı binaların tikintisi işləri sürətlə həyata keçirilib. Nəticədə qoruğun ərazisi genişləndirilib, əsas bina xüsusi memarlıq üslubunda inşa olunub. Əsas binada idarə, dəmirçi kürəsi və emalatxanası, mis və çini qablar, taxta üzərində oyma, xalça, kəlağayı və həsir toxuma emalatxanaları, suvenirlər, rəsm qalereyası mövcuddur. Xüsusi memarlıq üslubunda yaradılan muzeydə Bakıda və Abşeron rayonu ərazisində vaxtilə mövcud olan qədim yaşayış binalarını və tarixi abidələri əks etdirən guşələr var.

Qonaqların diqqətinə çatdırılıb ki, “Bakı-2015” birinci Avropa Oyunlarının məşəli “Atəşgah Məbədi”ndə alovlandırılıb.

AZƏRTAC

Xəbər 757 dəfə oxundu.