Şəhriyar Məmmədyarov Dünya Kubokunun dörddəbir finalında Sergey Karyakinə qarşı ikinci partiyanı oynayacaq
Azərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov və rusiyalı Sergey Karyakin Bakıda keçirilən şahmat üzrə Dünya Kubokunun dörddəbir finalının birinci partiyasını heç-heçə oynayıblar.

Ş.Məmmədyarov rusiyalı rəqibi ilə ağ fiqurlarla oynayıb. Həmçinin Pyotr Svidler (Rusiya) – Vey İ (Çin) və Maksim Vaşye-Laqrav (Fransa) – Aniş Qiri (Niderland) qarşılaşmaları heç-heçə başa çatıb. Qara fiqurlarla oynayan ukraynalı Pavel Elyanov isə amerikalı Hikaru Nakamuraya qalib gəlib.

İkinci partiya bu gün keçiriləcək.

Turnir nokaut sistemi üzrə keçiriləcək. Hər qarşılaşma həlledici istisna olmaqla iki klassik partiyadan ibarətdir. Heç-heçə olan halda şahmatçılar tay-breyk oynayacaqlar.

Azərbaycanın paytaxtına 128 qrossmeyster gəlib. Onlardan 22-si cari dünya reytinqinə əsasən 25 ən güclü oyunçunun sırasındadır. Turnirdə hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen və şahmat tacı uğrunda son matçda onun rəqibi olan hindistanlı Vişvanatan Anand iştirak etmirlər.

Əsas mübarizə iddiaçıların turnirinə iki vəsiqə uğrunda gedir. Həmin turnirdə 8 nəfər iştirak edəcək: Qran-pri seriyasının yekunlarına görə iki ən yaxşı şahmatçı, 2014-cü ildə dünya çempionu adı uğrunda matçın iştirakçısı olmuş Hindistan şahmatçısı Vişvanatan Anand, 2015-ci il dünya kubokunun qalibi və finalçısı, FIDE versiyası üzrə ən yüksək reytinqə malik olan iki şahmatçı və təşkilatçıların fərdi qaydada dəvət etdiyi daha bir şahmatçı.

Dünya kubokunun ümumi mükafat fondu 1,6 milyon dollardır.

Xəbər 716 dəfə oxundu.