​"Neftçi" klubu azarkeşlərinin polis tərəfindən saxlanılması məsələsinə aydınlıq gətirib
Futbol üzrə Azərbaycan Premyer Liqasında V turun "Neftçi" - "Xəzər Lənkəran" oyunu zamanı heç bir azarkeş polis tərəfindən saxlanılmayıb. Bu barədə "Neftçi" klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentindən verilən açıqlamada bildirilir.

Məlumatda "Böyük oyun"da meydan sahibi azarkeşlərinin saxlanılması haqda mətbuatda yayılan xəbərlərin doğru olmadığı və azarkeşlər tərəfindən xoş qarşılanmadığı vurğulanır. Oyun zamanı yerli azarkeşlərdən bir neçəsinin polis tərəfindən tribunadan aparılmasına isə belə şərh verilib: "Klub olaraq maraqlanmışıq və heç bir azarkeşimiz polis əməkdaşları tərəfindən saxlanılmayıb".
Məlumatda o da deyilir ki, təhlükəsizlik tədbirləri ilə əlaqədar polis hər hansı azarkeşi stadiondan kənarlaşdıra bilər. Ancaq bu, həmin azarkeşlərin tutulması demək deyil.

Qeyd edək ki, "Böyük oyun"dan öncə və oyun zamanı azarkeşlər arasında insidentin olduğu və nəticədə "Neftçi" azarkeşlərinin həbs olunması ilə bağlı məlumatlar yayılıb.

Xəbər 771 dəfə oxundu.