“Bakıda keçirilən hər bir yarış yüksək təşkilatçılıqla seçilir” - Pyotr Svidler

Bakıda təşkil edilən şahmat üzrə Dünya Kubokunda 1/8 finalda mübarizəni davam etdirən Rusiya təmsilçisi Pyotr Svidler Dünya Kubokunun mətbuat xidmətinin suallarına cavab verib. O, ilk olaraq 1/8 finaldakı rəqibi - bolqar şahmatçı Veselin Topalovla ilk görüşü barədə danışıb.

Svidler bildirib ki, qələbə qazansa da, partiya asan olmayıb: “Topalov çox yaxşı müdafiə olunurdu. Bununla belə qələbə qazanmağı bacardım. Dünya Kubokunun reqlamenti çox mürəkkəbdi. Ona görə hər oyun diqqətli olmaq vacibdi. 1/8 finaldakı rəqibim Topalov turnirin reytinq favoritidi. Deməli ikiqat diqqətli oynamalıyam".

Pyotr Svidler əvvəlki mərhələdə - 1/16 finalda tay-brekdə məğlub etdiyi Azərbaycan şahmatçısı Teymur Rəcəbovla görüşdə vaxt amilinin həlledici rol oynadığını deyib: "İki klassik görüşdə qalib olmadı. Sürətli şahmatdakı ilk oyunda Teymurun üstünlüyü var idi. Sadəcə təhlükə sovuşdu. İkinci görüşdə fərqli oynadım və rəqibi daha çox fikirləşməyə məcbur etdim. Rəcəbovun vaxtı çox az idi. Ona görə bir qədər tez qərar qəbul etməyə məcbur olurdu. Fikrimcə, vaxtın az olmasına görə Rəcəbov vəziyyətdən çıxa bilmədi".

Dünya Kubokunun iştirakçıları barədə danışan Svidler rəqabətin güclü olduğunu bildirdi: "Dünya Kuboku tarixində ən güclü yarış Bakıda keçirilir. Demək olar ki, planetin əksər güclü şahmatçıları yarışda iştirak edir. Baxmayaraq ki, Qata Kamski, Boris Gelfand, Vladimir Kramnik kimi şahmatçılar mübarizəni dayandırıb. Əsl mübarizə irəlidədi. Finala qədər uzun yol var. Ardıcıl oyunlar keçirmək müəyyən mənada yorğunluq yaradır. Ona görə çalışıram imkan daxilində açıq havada gəzişim. Fikrimcə, qarşıdakı oyunlar daha maraqlı olacaq və biz əsl mübarizə izləyəcəyik".

Mötəbər yarışın təşkilatçılığı barədə danışan Svidler oteldəki şəraiti xüsusi qeyd edib: "Karyeram ərzində belə gözəl oteldə qalmamışam. İnanın, doğru sözümdü. Bizim üçün burada hər cür şərait var. Şahmatçılara oteldə krallara layiq şərait yaradılıb. Ümumiyyətlə Bakıda keçirilən hər bir yarış yüksək təşkilatçılıqla seçilir. Buna görə şahmatçılar hər zaman Bakıya böyük sevinclə gəlir. Əminəm ki, gələn il Bakı şahmat olimpiadasını da əla səviyyədə keçirəcək".

Xəbər 828 dəfə oxundu.