Kevin Vimmer: Qarabağ hücum futbolu sərgiləməkdən qorxmurdu
İngiltərənin "Tottenhem" klubunun müdafiəçisi Kevin Vimmer Avropa Liqasının qrup mərhələsi çərçivəsində "Qarabağ"a qarşı keçirdikləri oyunu şərh edib. O, 3:1 hesabıyla qalib gəldikləri görüşdən sonra bunları söyləyib:

"Oyun bizim üçün çətin alındı. "Qarabağ" yaxşı komandadır, yaxşı oyunçuları var. Ona görə də bizə asan olmadı. Lakin mümkün qədər yaxşı oynamağa çalışdıq. Bu qələbə qrup mərhələsinin startında bizim üçün çox vacib idi".

Vimmerin sözlərinə görə, qonaqların hücum futbolu sərgiləməsi onlar üçün bir qədər gözlənilməz olub: "Bəli, "Qarabağ" hücum futbolu sərgiləyən komanda çıxdı. Biz 90 dəqiqə ərzində onların təzyiqinin qarşısını almağa çalışdıq. Amma onlar öz oyunlarını sərgiləməkdən qorxmurdular, tam güclə oynayırdılar. Fikrimcə, matçın ilk dəqiqələrində qapımıza penalti təyin olunması heç də xoş olmadı. Amma xoşbəxtlikdən ilk hissədə iki ardıcıl qol vura və oyunda dönüş yarada bildik".

"Qrupumuzun çox çətin olduğunu bilirik. Yaxşı komandalara qarşı mübarizə aparacağıq. Hansısa rəqibə qarşı asan oyun keçirəcəyimizi düşünmürəm. Ona görə də start matçında qələbə qazanmaq vacib idi. Artıq "Monako"ya qarşı növbəti oyunumuzu düşünməyimiz lazımdır".

Avstriyalı müdafiəçi "Qarabağ"la matçın onun üçün önəmindən də söz açıb: "Bu, mənim üçün xüsusi oyun idi. Çünki bu, "Tottenhem"dəki debüt oyunum idi. Şadam ki, belə bir oyunda qələbə qazandıq".

Xəbər 679 dəfə oxundu.