Rusiyalı olimpiya çempionu: «Azərbaycan boksçularını medal qazanmaq şansları çoxdur» - MÜSAHİBƏ | |
Rusiyanın titullu boksçusu Heydərbəy Heydərbəyov «Baku Fires» və «Istanbul Bosphorus» komandalarının görüşünü izləmək üçün, bu günlərdə paytaxtımıza gəlmişdi. İdman.com.az saytının məlumatına görə, səfərin gedişində həmkarımız Afina olimpiasının qalibi ilə görüşərək, ondan müsahibə götürüb. Söhbət zamanı, qonaq, şəhərimizdən razı qaldığını deyib; Azərbaycanda idmanın sürətlə inkişaf etdiyini vurğulayıb: - Bakı sizin xoşunuza gəldi? - Havanın soyuq olmasına baxmayaraq burda olmaqdan məmnun qaldım. Mənim Azərbaycanda çoxlu dostum və tanışım var. Mən bura onları görməyə, həmçinin həmyerlilərimin də çıxış etdiyi «Baku Fires» komandasının matçını izləmək üçün gəldim. - Azərbaycan komandasının türklərlə matçı sizdə hansı təəssuratları oyatdı? - Möhtəşəm şou və əla döyüşlər oldu! Məndə ən yaxşı təəssüratlar oyatdı. «Baku Fires»in boksçuları əla çıxış edərək, 5:0 hesablı qələbə qazandılar. Təkcə bu matçda belə olmur. Bildiyimə görə, komandanız məğlubiyyətsiz irəliləyir və mövsümdə qələbəyə ən əsas favoritlərdən biridir. - Qeyd etdiniz ki, sizin bir neçə həmyerliniz Azərbaycan klubunun şərəfini qoruyur. Ayrıca olaraq kimisə fərqləndirə bilərsiniz? - Bilirsiniz, bu matçda «Baku Fires» boksçularının beşi də konkret olaraq çox yaxşı döyüş sərgilədi. Uşaqların hamısı qələbə qazandı. Kimsə rəqibi vaxtından qabaq məğlub etdi, kimsə beş raundun hamısını döyüşməli oldu. Lakin ümumilikdə bütün boksçular özlərini yaxşı tərəfdən göstərdilər. - «Baku Fires»in bir çox boksçularını siz yaxşı tanıyırsınız. Onların bugünki hazırlıq səviyyəsi necədi? - Deyə bilərəm ki, onlar öz səviyyələrini əhəmiyyətli dərəcədə artıra biliblər. Uşaqlar onlar üçün Azərbaycanda yaradılmış şəraitdən çox razılıq edirlər. Onlar burada inkişaf edirlər. Fürsətdən istifadə edərək, ölkənizin rəhbərliyinə, Azərbaycan Boks Federasiyasının rəhbərlərinə və «Baku Fires» klubuna boksa göstərdikləri dəstəyə görə öz təşəkkürümü bildirmək istərdim. - Azərbaycanlı boksçularla rinqdəki görüşlərdən yaddaşınızda hansı xatirələr qalıb? - Hər zaman paylaşdığımız çox xoş xatirələr qalıb. Bax, elə bu yaxında Surqutda keçirilən turnirdə görüşdük. Daim ünsiyyətdə oluruq, əlaqə saxlayırıq. Mənimlə eyni vaxtda boks yarışlarında çıxış edən Rovşən Hüseynovla və digər boksçularınızla çox yaxşı münasibətlərimiz var. - Rusiya boksunun şərəfi üçün çalışmağa davam edirsinizmi? - Mən indi Dağıstanın Bədən tərbiyəsi və idman nazirliyində işləyirəm, respublika üzrə boks yarışlarına rəhbərlik edirəm. Boks məktəbləri açırıq, məşğul olduğumuz idman növünün dirçəldilməsi üçün əlimizdən gələni edirik. Demək olar ki, «Baku Fires»də əsasən elə bizim yetirmələrimiz çıxış edir (gülümsəyir). Azərbaycanda yaradılan şərait hələ ki, Dağıstanda yoxdur. Biz bu uşaqlara görə fəxarət hissi keçiririk, Azərbaycana görə qürur duyuruq. - Qarşıdan olimpia oyunları gəlir. Azərbaycan və Rusiya yığmalarının Londondakı perspektivlərini necə görürsünüz? - Olimpiada elə bir idman yarışıdır ki, əvvəlcədən nəsə demək çox çətindir. Azərbaycan dünya çempionatında nəyə qadir olduğunu sübuta yetirib. Sizin dünya çempionunuz da, gümüş medalçınız da var. Ona görə də medal qazanmaq şanslarınız daha çoxdur. Dünya çempionatının yekunlarına görə, Azərbaycan boksu Ukraynadan sonra dünyada 2-ci yerdədir. Bu çox şeydən xəbər verir. Rusiya boksuna gəldikdə isə son vaxtlar bir qədər zəifləmə hiss olunur, ancaq buna baxmayaraq, Londonda mükafat qazanmaq əzmimiz böyükdür. |
|
Xəbər 1264 dəfə oxundu. |
|
|