Spartakiadanın qalibləri mükafatlandırıldı
Xəbər verdiyimiz kimi, sentyabrın 13-də "Neftçi İdman Klubu” tərəfindən keçirilən neft, qaz və kimya sənayesi işçilərinin XXIII Spartakiadasına yekun vurulub. 31 müəssisədən 1239 iştirakçının qatıldığı spartakiadada Heydər Əliyev adına Neft Emalı Zavodu (692,5 xal) ümumi komanda hesabında qalib adını qazanıb. Neft Kəmərləri İdarəsi (637,5 xal) 2-ci, "Neft Daşları” NQÇİ (607,5 xal) isə 3-cü yeri tutub.

Bu gün "Neftçi İdman Klubu”nun inzibati binasının akt zalında qaliblərin mükafatlandırılması mərasimi keçirildi. Öncə klubun idman və sağlamlıq məsələləri üzrə baş meneceri Elmar Babanlı çıxış edərək iştirakçılara idarəetmə aparatının rəhbəri Sadıq Sadıqovun adından yarışlarda göstərdikləri fəallığa görə minnətdarlığını bildirdi və onları qarşıdan gələn neftçilərin peşə bayramı münasibətilə ürəkdən təbrik etdi. Ardınca "Neftçi İdman Klubu”nun bədən tərbiyəsi üzrə meneceri Akif Məmmədov spartakiadanın gedişatı ilə bağlı fikirlərini bildirdi və neftçilərə gələcək işlərində müvəffəqiyyətlər arzuladı.

Sonra qaliblərin mükafatlandırılmasına başlanıldı. Kubokları sahiblərinə klubun yetirməsi, cüdo üzrə Olimpiya çempionu Elnur Məmmədli təqdim etdi.

Sonda çıxış edənlər spartakiadanın yüksək səviyyədə təşkil olunmasına görə SOCAR-ın prezidenti Rövnəq Abdullayevə, "Neftçi İdman Klubu”nun rəhbərliyi və kollektivinə bütün yarış iştirakçıları adından dərin minnətdarlıqlarını bildirdilər.

Xəbər 598 dəfə oxundu.