Niko Kovaçın əvəzinə Ante Kaçiç

Niko Kovaçın istefaya göndərilməsindən sonra Xorvatiya yığmasının boş qalan baş məşqçisi postunu kimin tutacağı böyük ölçüdə dəqiqləşib. “Damalılar”ın “sükanı arxası”na keçməyə ən real namizəd Ante Kaçiçdi.

Ölkənin futbol federasiyası Zaqreb “Lokomotiv”ini çalışdıran mütəxəssislə danışıqlara başlayıb. 62 yaşlı çalışdırıcının təklifə müsbət cavab verəcəyi gözlənilir. Yerli mətbuata açıqlamasında Kaçiç federasiyadan heç kimin onunla əlaqə saxlamadığını desə də, Xorvatiya mediası məhz onun millinin yeni baş məşqçisi olacağını iddia edir.

Məşqçilik karyerasına 1986-cı ildə başlayan Kaçiç 1994-1998-ci illərdə Xorvatiyanın U-21 yığmasında köməkçi məşqçi funksiyasını yerinə yetirib. Ölkənin əsas millisində isə heç vaxt çalışmayıb.

Qeyd edək ki, Xorvatiya yığmasının yeni çalışdırıcısının adı sentyabrın 21-də rəsmən açıqlanacaq.

Xəbər 737 dəfə oxundu.