Qəbələ PAOK-la matç üçün bilet satışını niyə gecikdirir?
Sentyabrın 17-də “Qəbələ” Avroliqanın qrup mərhələsinin ilk turunda PAOK-u qəbul edəcək. Klub rəhbərliyi qarşıdakı oyun üçün biletləri satışa çıxarmağa tələsmir.

Bu addım “qara bazar”a qarşı mübarizə aparmaq üçündür. Çünki biletlər satışa tez çıxarkən “qara bazar”dakıların işi daha da asanlaşır. Gündə 30-40 bilet almaqla onlar öz “ticarət”lərini rahat şəkildə qururlar. Biletlər oyuna mümkün qədər az vaxt qalmış satışa çıxarılsa, dəllalların da işi çətinləşəcək.

Azarkeşlər də bu məsələdə kluba dəstək olmalıdırlar. Biletləri kassadan, “qara bazar”dakından daha ucuz, yəni öz qiymətinə almaq lazımdır. Bu halda sonradan ortaya digər problemlər də çıxmayacaq. “Apollon”, “Panatinaikos”la oyunlar zamanı qarşılaşma günü kassalarda bilet qalmamışdı. Halbuki oyundan əvvəl “qara bazar”da satış hələ də davam edirdi. Bütün bu halların qarşısını almaq üçün “qara bazar”a qarşı, klub və mətbuatla yanaşı, azarkeşlər də mübarizə aparmalıdırlar. Odur ki, bütün futbolsevərləri "qara bazar"a "yox" deməyə və biletləri yalnız kassadan, öz qiymətinə almağa çağırırıq. Bu halda oyun günü "nə üçün kassada bilet yoxdur, amma "qara bazar"da satış davam edir" sualı da ortaya çıxmayacaq.

Xəbər 831 dəfə oxundu.