Parataekvondo üzrə Azərbaycan millisi Türkiyədəki dünya çempionatında 10 idmançı ilə təmsil olunacaq
Təlim-məşqlərini davam etdirən parataekvondo üzrə Azərbaycan milli komandası sentyabrın 14-də dünya çempionatına yollanacaq.

Türkiyənin Samsun şəhərində keçiriləcək altıncı dünya çempionatında komandamız 10 idmançı ilə təmsil olunacaq. Baş məşqçi Əvəz Tağıyev, böyük məşqçilər Yaşar Səfərov və Tərənnüm Bayramov yarışda iştirak üçün Rövşən Qəhrəmanlı (61 kq), Anar Hüseynov (61 kq), Nicat Müslümov (75 kq), Əbülfəz Abuzərli (75 kq), Aleksandr Poluşuk (75 kq-dan yuxarı), Namiq Abbasov (61 kq), Xəzər Mirzəyev (75 kq), Vüqar Adışirinov (75 kq-dan yuxarı), həmçinin Röyalə Fətəliyeva (49 kq) və Aynur Məmmədovaya (58 kq-dan yuxarı) etimad göstərib.

Sentyabrın 17-də keçiriləcək “G8” kateqoriyalı çempionatın qalibi reytinq hesabına 80 xal əlavə edəcək.

Azərbaycan Taekvondo Federasiyasının (ATF) baş katibi Həmdiyyə Məmmədov da komanda ilə dünya çempionatına yollanacaq.

Parataekvondo üzrə milli komandamız iki dəfə dünya birincisi, iki dəfə isə dünya ikincisi olmaqla yüksək göstəricilərlə liderlər arasındadır. Komandamız sentyabrın 18-də Vətənə qayıdacaq.

Xəbər 1045 dəfə oxundu.