"İstəyimiz baş tutdu" – Roman Qriqorçuk | |
Ukraynada keçirilən təlim-məşq toplanışı çərçivəsində baş tutan “Çernomorets” – “Qəbələ” oyunundan (0:2) sonra “qırmızı-qaralar”ın baş məşqçisi Roman Qriqorçuk matç haqda fikirlərini açıqlayıb. Ukraynalı mütəxəssis həm görüş, həm də sabiq komandası “Çernemorets” haqda danışıb: “Biz uzun yol qət edib gəlmişdik ki, təlim-məşq toplanışı keçirib, hazırlığımızı daha yüksək səviyyəyə çatdıraq. Bunun üçün azarkeşlər önündə yoxlama oyunu keçirmək istəyirdik. Sadəcə yoxlama matçı deyil, beynəlxalq görüşlər səviyyəsində olan bir qarşılaşmada qüvvəmizi sınamaq fikrində idik. Sevinirik ki, istəyimiz baş tutdu. Odessada da “Çernomorets”lə görüşümüzə maraq oldu, yerli azarkeşlər rəsmi matça yaxın olan oyuna diqqət ayırdı. Azarkeşlərin oyun ərzində bir neçə dəfə adımı səsləndirib, məni dəstəkləməsi məndə xoş təəssürat yaratdı. Onların belə addımı “Çernomorets”də çalışdığım vaxtları xatırlatdı. Azarkeşlərə minnətdaram ki, həmin vaxtları unutmayıblar. Odessada çalışanda yaxşı komanda yaratmışdıq. Bunu onlar üçün etmişdik. Mən diqqətimi əsasən öz komandamın oyununa yönəltmişdim. Fikrimi komandadakı çatışmazlıqlara yönəltdiyimdən “Çernomorets”in oyununa çox nəzər yetirmədim” |
|
Xəbər 709 dəfə oxundu. |
|
|