"Neftçi"nin Müşahidə Şurası komandanın çıxışını müzakirə edib
“Neftçi” futbol klubunun Müşahidə Şurasının iclasında əsas komandanın çıxışı da ətraflı müzakirə edilib. İdman.com.az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, toplantıya icraçı direktorun müavini Mübariz Xudiyev, idman direktoru Vəli Qasımov və baş məşqçi Samir Əliyev də dəvət olunub.

Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində “Kəpəz”lə keçirilmiş oyunda komandanın zəif çıxışı və II turun “İnter”lə oyunundakı uğursuz nəticə barədə hesabat verilib. Hazırda əsas heyətin 8 futbolçusunun milli komandalarımıza dəvət olunması ilə əlaqədar əvəzedici komandadan gənc futbolçuların hazırlığa qatılması prosesi müzakirə mövzusu olub. Eyni zamanda, klubun seleksiya prosesi və transfer fəaliyyəti ilə əlaqədar hesabat dinlənilib və son transferlər müzakirə edilib.
İclasda əsas komanda ilə yanaşı, aşağı yaş qrupu komandalarının formalaşması və infrastruktur layihələri ilə bağlı məsələlər barədə danışılıb. Həmçinin azarkeşlərlə münasibətlərin tənzimlənməsi, onların oyunlar zamanı və oyunlardan sonra davranışları barədə söhbət aparılıb.

Xəbər 733 dəfə oxundu.