Möhtəşəm “9-cu Zirvə Kuboku” başa çatdı
Azərbaycanda dövlət tərəfindən idmana göstərilən böyük diqqət və qayğının nəticəsində ölkəmiz dünyada ön sıralarda yer alaraq öz mövqeyini qorumaqdadır. Bu siyasətə dəstək məqsədilə avqustun 29-30-da Astara Olimpiya İdman kompleksində “Zirvə” Beynəlxalq İdman Klubunun (BİK) yerli və xarici filialları arasında ağır atletika üzrə “9-cu Dünya Kuboku” keçirildi. Yarışda Azərbaycan da daxil olmaqla, klubumuzun 12 ölkədən – Türkiyə, Rusiya, İran, Gürcüstan, İsrail, Bolqarıstan, Moldova, Belarus, Ukrayna, Polşa, ABŞ – olan yüzə yaxın atleti iştirak etdi. Astara Şəhər İcra Hakimiyyətinin də təşkilatı dəstəyi ilə baş tutan turnir kişilər və qadınlar arasında müvafiq yaş qrupları üzrə keçirildi.

Yarışların açılış mərasimi təntənəli keçdi. İlk öncə bütün filialların nümayəndələri xüsusi olaraq bu yarış üçün hazırlanmış səhnə önünə dəvət edilib. 12 ölkədən 26 klub əllərində lövhələrlə bayraq müşayiətində zala toplaşanlara təqdim olunub. Onların paradı böyük alqışlarla müşayiət olunub.

Rəsmi hissədə ilk olaraq Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev çıxış edib. O, bu günün əlamətdar, sevincli bir gün olduğunu, rayonda əsl idman bayramı yaşandığını bildirib. Başçı qeyd edib ki, son illər ölkəmizdə keçirilən dünya əhəmiyyətli siyasi, iqtisadi, mədəni-kütləvi, idman tədbirləri Azərbaycanın inkişaf göstəricisidir. Ağayevin sözlərinə görə, “Astara rayonunda da gənc nəslin sağlam böyüməsi, idmanın inkişafı üçün hər cür şərait yaradılmışdır. İnanıram ki, bu gün rayonumuzda keçirilən beynəlxalq idman yarışı idmanın inkişafına, gənclərimizin idman nailiyyətlərinin artırılmasına öz töhfəsini verəcəkdir”. Təşkilatçılara təşəkkür edən Qəzənfər Ağayev dostluq, sülh, həmrəylik rəmzi olan bu idman bayramı münasibəti ilə bir daha təbrik edib, yarışlarda iştirak edən idmançılara uğurlar arzulayıb.

Daha sonra “Zirvə” Beynəlxalq İdman Klubunun prezidenti Tofiq Heydərov giriş sözü ilə çıxış edib. O, artıq ənənə halını alan bu yarışın yenidən yüksək səviyyədə keçirilməsindən razılığını bildirib. 9-cu Zirvə Kubokunun Azərbaycanın “cənub qapısı”, cəmi 18 min əhalisi olan Astara baş tutmasının böyük uğur olduğunu qeyd edib, dəstəyə görə Astara Şəhər İcra Hakimiyyətinə və şəxsən onun başçısı Qəzənfər Ağayevə təşəkkür edib. Daha sonra Heydərov 2015-ci ilin Azərbaycan idmanına gözəl töhfələr verdiyini, möhtərəm Prezident İlham Əliyevin şəxsi rəhbərliyi altında keçirilən I Avropa Oyunlarının çox möhtəşəm keçdiyini deyib. O, sözlərini şəxsi məşqçisinin ona vaxtilə dediyi cümlə ilə bitirib: “Lənkəranda ağır atletika zəifdirsə, günahı başqalarında yox, özündə axtar. Mən bu sözləri özümə tapşırıq kimi qəbul etdim və hazırda Cənub regionunun bir çox yerində ağır atletika öz inkişafını tapıb. İnanıram ki, Astarada da bu inkişafa şahid olacağıq. Yerli insanları da bizə dəstək olmağa, şəhərdə, regionda sağlam nəslin yetişməsində bilavasitə iştirak etməyə dəvət edirəm. Hamınıza uğurlar arzulayıram. “9-cu Zirvə Kuboku”nu açıq elan edirəm”.

Azərbaycan Respublikasının Dövlət Himni səslənib. Daha sonra İsveçin Landskrona şəhərində keçirilən yaşı 15 və 17-yə qədər olan yeniyetmə ağır atletlərin Avropa birinciliyinin qalibi, “Lənkəran-Zirvə” nümayəndəsi Səbinə Əzimova və onun məşqçisi Taleh Hüseynova İcra Hakimiyyəti adından mənzil hədiyyə edilib.

Bununla yanaşı, Azərbaycanda idmanın inkişafına verdiyi dəstəyə görə Astara Şəhər İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayevə “Zirvə” BİK tərəfindən təşəkkür plaketi təqdim olunub. Daha üç plaket Astara Rayon Gənclər və İdman İdarəsinin rəisi Ərkə Əliyev, Astara Olimpiya İdman Kompleksinin direktoru Famil Səlimov və “Lənkəran-Zirvə” klubunun direktoru Mirkamil Abbasova təqdim olunub.

Bundan sonra açılış mərasiminin bədii hissəsi başlayıb. Cənub zonasının simvolu olan məşhur “Nənələr” qrupu, “Azəristar” yarışmasının qalibi Tural Babazadə və tanınmış müğənni Sevda Ələkbərzadə çıxış ediblər.

Yarışlarda ilk olaraq yaşı 14-ə qədər olan qızlar körpücük üzərinə çıxdılar. Qalib adını Bolqarıstan atleti Qalya Şatova qazandı. “Smolyan-Zirvə” təmsilçisi toplam 144 kq (69+75) nəticə və 219.21 xal qazanaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxdı. İkinci yerə Ukraynadakı filialımız “Jidaçiv-Zirvə”dən Qalina Didik toplam 92 kq (40+52) və 204.25 xalla çıxa bildi. Üçüncü pillə isə Azərbaycanlı qadın atlet, “Lənkəran-Zirvə” təmsilçisi Məhərrəmova Sevərə qismət oldu. O, toplam 134 kq (60+74) nəticə və 194.97 xal topladı.

Yaşı 18-ə qədər olan qadınların medal mübarizəsində fəxri kürsünün hər üç pilləsində Azərbaycan atleti yer alıb. Qızıl medalı əldə etmək üçün son yanaşma bitənə qədər gərgin mübarizə yaşanıb. Sinkleyr cədvəli ilə cəmi bir neçə xal üstünlük Qazax-Zirvə nümayəndəsi Abbasova Elnarəyə çempionluq gətirib. O, toplam 190 kq (85+105) nəticə və 254.66 xalla bütün rəqiblərini qabaqlayıb.

İkinci pillədə də qazaxlı idmançı – Əlizadə Gülçin yer alıb. O, toplam 165 kq (75+90) nəticə və 246.67 xalla gümüş medala sahib çıxıb. Üçüncü yeri isə ondan cəmi 1,5 xal geridə qalan Səbinə Əzimova tutub. Bir neçə gün əvvəl İsveçin Landskoran şəhərində keçirilən yeniyetmələrin Avropa birinciliyinin qalibi olmuş “Lənkəran-Zirvə” atleti toplam 155 kq (70+85) nəticə və 245.29 xalla bürünc medal əldə edib.

Son olaraq yaşı 18-dən yuxarı olan atletlər körpücük üzərinə çıxıb. Yetərincə təcrübəli idmançıların rəqabətini izləmək xoş idi. Bu qrupda gözlənildiyi kimi favoritlər hamını üstələdi. “Abşeron-Zirvə” təmsilçisi, tanınmış mütəxəssis Hafiz Süleymanovun tələbəsi olan İbrahimli Anastasiya İbrahimli 230 kq (105+125) toplam nəticə və 285.23 xalla aşkar fərqlə qalib gəldi. İkinci pillədə “Jidaçiv-Zirvə”dən Anastasiya Qotfrid qərarlaşdı. O, toplam 225 kq (110+115) nəticə və 243.83 xalla gümüş medala sahib çıxıb. Bürünc medal “Xırdalan-Zirvə” atleti Əhmədova Ləmana qismət olub. O, toplam 158 kq (73+85) çəkinin öhdəsindən gəlib və Sinkleyr cədvəli ilə 229.60 xal toplayıb.

Kişilər 4 yaş qrupunda yarışdılar. İlk olaraq yaşı 14-ə qədər olan oğlanlar çıxıblar. Azərbaycanı təmsil edən klubların nümayəndələri əbəs yerə favorit sayılmadıqlarını sübut ediblər. “Şamaxı-Zirvə” Klubunun nümayəndəsi Hüseynov Elməddin toplamda 178 kq (76+102) nəticə göstərib. Bununla o, Sinkleyr cədvəli üzrə 303.9 xal toplayıb və qızıl medala sahib çıxıb. Gümüş və bürünc medal isə “Lerik-Zirvə” atletlərinə qismət olub. Alxasov Əlimərdan toplam 215 kq (95+120) nəticə və 298.9 xalla ikinci, Əliyev Füqan isə 179 kq (79+100) nəticə və 293.6 xalla bürünc medal qazanıblar.

Yaşı 18-ə qədər oğlanların xala-xal prinsipi ilə keçən mübarizəsindən isə gürcüstanlı Georgi Çxeidze qalib çıxdı. “Tiflis-Zirvə” atleti toplam 365 kq (165+200) nəticə və 392.2 xalla qızıl medal qazandı. Gümüş medal “Şamaxı-Zirvə” nümayəndəsi Elşad Şərifova qismət oldu. O, ümumilikdə 299 kq (131+168) çəkinin öhdəsindən gələrək 386.2 xallıq nəticə göstərdi. Yeniyetmələr arasında Avropa və dünya çempionu İqor Obuxov isə bürünc medala sahib çıxdı. O, toplam 304 kq (134+170) nəticə 369.2 xalla fərqləndi.

“9-cu Zirvə Kuboku”nda səbrsizliklə gözlənilən qrupda – yaşı 18-dən yuxarı olan kişilər qrupunda da yarışlar keçirildi. Astara Olimpiya İdman Kompleksində qurulan dünya səviyyəli platformada həqiqətən yüksək səviyyəli atletlərin – əsl “titanların döyüşü”nə şahidlik edildi. Xüsusilə, Azərbaycan millisinin üzvlərinin uğurlu çıxışı bizləri sevindirdi. Bürünc medal Firudin Quliyevə qismət oldu. “Goranboy-Zirvə” atleti, ümumilikdə 330 kq (140+190) çəkinin öhdəsindən gəldi və toplam 434.9 xalla üçüncü yeri tutdu. İkinci yerdə “Xırdalan-Zirvə”dən Valentin Xristov qərarlaşdı. O, toplam 315 kq (140+175) və 441.7 xal əldə edə bildi. Çempion adını isə Dadaş Dadaşbəyli qazandı. “Qobustan-Zirvə” atleti gərgin mübarizədə qalib gəldi. O, birdən qaldırmada 185, təkanla qaldırmada isə 212 kq-ın öhdəsindən gəldi. Toplam 397 kq nəticə və 442.4 Sinkleyr xalı toplayan Dadaşbəyli zirvədəki yerini tutdu.

Yarışçılar arasında son olaraq veteranlar qüvvələrini sınadılar. Ən yaşlısının 67 yaşı olan idmançılar körpücük üzərində hələ də güclü olduqlarını nümayiş etdirə bildilər. Maraqlıdır ki, çempion titulu məhz bu adama qismət oldu. 1948-ci il təvəllüdlü Vladimir Jilyayev toplam 201 kq (91+110) nəticə göstərdi. “Xırdalan-Zirvə” atleti Manone-Meltzer cədvəli üzrə 405.16 xalla qızıl medala sahib çıxdı. Gümüş medalı toplam 296 kq (146+150) nəticə və 371.07 xal toplayan “Sumqayıt-Zirvə” nümayəndəsi Emin Əliyev qazandı. Bürünc medal isə “Samux-Zirvə”dən Zəfər Tağıyevin adına yazıldı. O, toplam 245 kq (105+140) və 370.67 xal topladı.

Hər yaş qrupunda qalib və mükafatçılar Sinkleyr cədvəli üzrə müəyyənləşdirildi. Öz qrupunda fəxri kürsüyə qalxan idmançılar və onların məşqçilərinə müvafiq pul mükafatları, diplom, xüsusilə bu yarış üçün hazırlanmış medal və kuboklar, müxtəlif hədiyyələr və mənzil sertifikatları təqdim olundu. Qeyd edək ki, bir neçə il ərzində mənzil sertifikatlarını toplayan atletlər, Xırdalan və Astaradakı AAAF Park Yaşayış Kompleksində müvafiq qiymətdə olan evi təmənnasız əldə edə biləcəklər.

Yarışda idmançılar həm fərdi, həm də klublarının qələbəsi üçün mübarizə apardılar ki, sonda turnirin ən yaxşı komandaları mükafatlandırıldı. Füsünkar AAAF Park Astarada qurulan körpücük-səhnədə, yüzlərlə yerli və xarici qonağın toplaşdığı bağlanış mərasimində ən yaxşı klub filiallarımız kubokla təltif olundu. Ən yaxşı adı yetirmələri bu turnirdə hamıdan güclü olan “Xırdalan-Zirvə”yə təqdim olundu. Daha sonra olan atəşfəşanlıq, sülh göyərçinlərinin havaya buraxılması, çox sayda tanınmış müğənni, rəqs qruplarının çıxışları mərasimə toplaşanlara xoş anlar bəxş etdi.

Xəbər 877 dəfə oxundu.